BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm üzrə ölkəmizin dayanıqlılıq təcrübələri Yaşıl Zonada yerləşən destinasiya stendində təqdim olunur.

Dövlət Turizm Agentliyindən bildirilib ki, 200 kvadratmetrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promovideolar nümayiş etdirilir.

Stenddə Azərbaycanın milli mətbəxi, çay dəsgahı mədəniyyəti, milli şirniyyatlar, yerli şərablar, o cümlədən yerli biomüxtəlifliyin qorunması prinsipinə əsaslanan “Slow food travel” konsepsiyası barədə təqdimat və dequstasiyalar keçirilir.

Ziyarətçilər, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri ilə tanış olurlar.

Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.

Təqdimat zonasında isə 10 gün ərzində ziyarətçilər üçün hər gün dağ yürüşü, quş müşahidəçiliyi kimi ekoturizm məhsulları, təbiət turizmi potensialı, işgüzar tədbirlər üzrə imkanlar, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən maddi-mədəni irs nümunələri haqqında məlumat veriləcək. Bundan başqa, Azərbaycan turizminin təbliğinə həsr edilmiş müxtəlif təqdimatlar təşkil olunacaq.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 20-də COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə COP tarixində ilk dəfə daxil edilmiş "Turizm sahəsində təkmilləşdirilmiş iqlim fəaliyyəti məqsədilə qlobal əməkdaşlıq" təşəbbüsünün icrası məqsədilə Turizm Nazirlərinin Yüksək Səviyyəli Görüşü, eləcə də turizmin iqlim dəyişikliyində yeri üzrə bir sıra panel müzakirələr və əlavə tədbirlər keçiriləcək.

COP29 çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Abşeron və Altıağac Milli parklarında turistlərə xidmət keyfiyyətinin artırılması üçün istiqamətləndirici işarələr və məlumatlandırıcı lövhələr quraşdırılıb, həmçinin parklarda turist xidmətlərinin təkmilləşdirilməsi istiqamətində yüngül infrastruktur yerləşdirilib.

Bundan əlavə, COP29 tədbiri çərçivəsində şəhərimizi səyahət edən ziyarətçilərə tədbirlər və ölkəmizin turizm imkanları haqqında məlumatın verilməsi məqsədilə Bakı şəhəri üzrə xüsusi ayrılmış nəqliyyat qovşaqları üzərində 5 ədəd mobil turizm informasiya mərkəzi quraşdırılıb.

Ümumilikdə sayı 8-ə çatan turizm informasiya mərkəzləri (Nizami küçəsində “Nərgiz” TM-nin arxası, Dənizkənarı Milli Parkda “Park Bulvar” TM-nin arxası, Albert Aqarunov küçəsi, “Koroğlu” metrostansiyası (Bakı Stadionu tərəfinə çıxış), Heydər Əliyev Sarayı, “Port Baku” TM-nin çıxışı, “Sea Breeze Resort” kompleksi, Hava Limanında terminal 2) tədbir müddətində hər gün saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.