Dekabrın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Güclü lider, müzəffər Ali Baş Komandan” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də iştirak edib.

Qonaqlar öncə mərkəzin ekspozisiya zalında Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

Sonra mərkəzin əməkdaşının “İlham Əliyev – güclü dövlətin qalib Prezidenti” mövzusunda mühazirəsi dinlənilib.

Sonda Prezident İlham Əliyevin tarixi missiyasına həsr olunmuş “İlham” sənədli filmi izlənilib. Film dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət, addım-addım qoyulan məqsədlərə nail olması və son nəticədə torpaqlarımızın işğaldan azad olunmasını əks etdirir.