Dekabrın 25-də Bakı-Qroznı (Rusiya) reysi üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarə Aktau (Qazaxıstan) şəhəri yaxınlığında qəzaya uğrayıb. Bununla bağlı bir çox müəmmalı məqamlar və cavabsız suallar var.
Son məlumatlara görə, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən şəhər üzərində pilotsuz uçuş aparatlarının aktivliyi müşahidə olunub və Rusiyanın ərazidəki hava hücumundan müdafiə sistemi tərəfindən atılan raketlərdən biri təyyarənin yaxınlığında partlayıb.
Zərər görmüş təyyarənin ekipajının məcburi eniş üçün etdiyi sorğulara baxmayaraq, yaxın trayektoriyadakı Rusiya hava limanlarına eniş icazəsi verilməyib. GPS naviqasiyası da bir müddət bloklanıb. Təyyarə Xəzər dənizi üzərindən Aktau şəhərinə uçmağa məcbur olub və pilotlar avtomatik idarəretmə sistemi faktiki sıradan çıxan təyyarəni mexaniki rejimdə endirməyə cəhd ediblər. Məcburi eniş zamanı təyyarə qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub.