Milli Teatr Günündə “Qarabağnamə” tamaşası təqdim edildi
   
   10 mart Milli Teatr Günündə Dövlət Akademik Milli Dram Teatrı təmir və bərpadan sonra qapılarını tamaşaçıların üzünə açdı. 
   Teatr sənətsevərlərlə görüşə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin «Hökmdar və qızı» əsəri əsasında yeni quruluşda hazırlanmış «Qarabağnamə» tamaşası ilə gəldi.
   Premyerada baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət rəsmiləri, millət vəkilləri, mədəni ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdi.
   Nazir Əbülfəs Qarayev nümayişdən öncə çıxış edərək bütün teatr işçilərini, sənətsevərləri Milli Teatr Günü münasibətilə təbrik etdi: “Dövlət Akademik Milli Dram Teatrının təmirdən sonrakı açılışı da bu günə təsadüf edir. Ümid edirəm ki, teatr həmçinin yeni tamaşalarla hər kəsi sevindirəcək və bu tamaşalar bizi dünya teatr səhnələrinə çıxaracaq”. Nazir Azərbaycan teatrında hazırda aparılan islahatlardan, gələcək üçün nəzərdə tutulan planlardan danışdı.
   Sonra “Qarabağnamə” tamaşası nümayiş olundu.
   Səhnə əsərinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, rejissor assistentləri Rəfiqə Musayeva və Vüqar Məmmədovdur. Rolları İlham Əsgərov (İbrahim xan), Məsmə Ağaverdiyeva (Ağabəyimağa), Rafiq Əzimov (Axund Mirmöhsün ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Vəfa Rzayeva (Səltənətbəyim), Kazım Həsənquliyev (Əbülfət xan), Sabir Məmmədov (Saday bəy), Ramiz Məlik (Cavad xan), Əli Nurzadə (Kəlbalı xan), Hacı İsmayılov (Məhəmməd xan), Anar Heybətov (Hüseynqulu xan), Ramiz Novruz (Sisyanov), Elşən Cəbrayılov (Lisanoviç), Azər Mirzəyev (Vanya Koxa) və başqaları oynayırlar.
   Qeyd edək ki, “Qarabağnamə” tamaşası martın 11-12-də də nümayiş olunacaq.