Akademik Opera və Balet Teatrı Fikrət Əmirovun iki pərdəli «Min bir gecə» baletini nümayiş etdirdi. «Min bir gecə» nağıllarının motivləri əsasında hazırlanmış baletin növbəti tamaşası anşlaqla keçdi. 
   
   Tamaşaçıları bir anlıq qədim Şərqə aparan bu möhtəşəm baletdə Şəhrizad rolunu Əməkdar artist Rimma İsgəndərova, şah Şəhriyar rolunu Əməkdar artist İslam İslamov, Nuridə rolunu Tamilla Məmmədzadə, Nuridənin sevimli qulunu Edvard Arazov, dənizçi Sindbadı Anar Mikayılov, Ələddin rolunu Dmitri Tarusov, gözəl Budur rolunu Elmira Mikayılova, Cadugər rolunu Əməkdar artist Samir Səmədov, Mərcanə rolunu isə Əməkdar artist Alsu Qimadiyeva ifa etdi.
   Balet tamaşasında Şəhrizadın şah Şəhriyara min bir gecə ərzində söylədiyi bəzi nağıllar təqdim olunur. Bu nağılların qəhrəmanları isə gözəl, lakin köməksiz qızı qaniçən Rux quşunun pəncəsindən xilas etmək üçün döyüşə atılan igid dənizçi Sindbad, gözəl Budura vurulan və onun uğrunda zalım cadugərlə vuruşan Ələddin, Əlibabanın qulluqçusu - qırx quldur və onların təkgöz quldurbaşı üzərində qələbə çalan ağıllı, hazırcavab Mərcanədir.
   Qeyd edək ki, çoxsaylı əcnəbi tamaşaçıların da izlədiyi baletin quruluşçu baletmeysteri Əməkdar incəsənət xadimi Nailə Nəzirova, quruluşçu rəssamı Xalq rəssamı Toğrul Nərimanbəyov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşanın dirijoru isə Xalq artisti Cavanşir Cəfərovdur.    

   Gülər