Martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Muğam aləmi” II Beynəlxalq Muğam Festivalı çərçivəsində Fikrət Əmirovun “Sevil” operası nümayiş etdirilib. Yeni musiqi redaksiyasında hazırlanmış tamaşanın bədii rəhbəri Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, musiqi rəhbəri və dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirovdur.
   Tamaşada rolları xalq artistləri Qərinə Kərimova (Sevil), Azər Zeynalov (Balaş), Əməkdar artist Əvəz Abdullayev (Atakişi), vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin diplomantı, Əməkdar artist Gülnaz İsmayılova (Dilbər) və başqaları oynayıblar. Görkəmli dramaturq Cəfər Cabbarlının eyniadlı dramı əsasında yazılmış opera iştirakçılar tərəfindən maraqla qarşılanıb.