Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulub. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilib. Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ədibin “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyası yeni quruluşda səhnələşdirilib. Martın 30-da tamaşanın premyerası keçiriləcək.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Cəfər Namiq Kamal, Sabir Məmmədov, Kazım Həsənquliyev, Elxan Quliyev, Əli Nur, Mirzə Ağabəyli, Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Münəvvər Əliyeva, Firuz Xudaverdiyev, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Aslan Şirinov, Əlvida Cəfərov, Elnur Qədirov, İlyas Əhmədov, Elnar Qarayev və başqaları iştirak edirlər.