Layihə rayonlararası müsabiqənin təşkili ilə davam edəcək
   
   “Save the Children” (“Uşaqların xilası”) humanitar təşkilatının və “Bakcell”in gerçəkləşdirdiyi «Sağlam təşəbbüslər» layihəsinin ilkin nəticəsi açıqlanıb. 
   Məktəblilərə yaradıcı şəkildə özünü ifadə etməyi aşılamaq məqsədilə həyata keçirilən layihə uşaqları dram sənətinin tədrisinə cəlb etməklə, uşaq teatrı vasitəsilə məktəblilərdə problem həllinə yaradıcı yanaşmaq, öz dünyalarını yenidən kəşf etmək, duyğu və düşüncələrini ifadə etmək üçün şərait yaradır. «Save the children» mütəxəssis aktyor heyəti ilə respublikanın 20 rayonunda məktəblərdə ustad dərsləri, təlimlər keçirib. Didaktik kukla tamaşalarının təşkilinin əsas məqsədi uşaqların həyatına müsbət dəyişiklikləri interaktiv üsullarla çatdırmaqdır. Bundan əlavə, layihədə iştirak edən aktyorlar məktəblərdə uşaqların iştirakı ilə səhnəciklər hazırlamağa kömək ediblər. Layihə çərçivəsində istedadlı uşaqlar da üzə çıxarılıb.
   Təşkilatın Azərbaycandakı nümayəndəsi Samir Məmmədovun sözlərinə görə, yay mövsümündə fasilə verilən layihə sentyabrdan davam etdiriləcək. Layihənin növbəti mərhələsi olaraq rayonlararası müsabiqənin təşkili nəzərdə tutulub. Müsabiqələrdə uşaqların özləri tərəfindən hazırlanmış tamaşalar nümayiş etdiriləcək. Hər bölgə üzrə qalib olan 5 məktəbin Bakıda çıxışı təşkil olunacaq.
   Qeyd edək ki, «Save the children» və «Bakcell» keçən il «Bakcell stars» layihəsi çərçivəsində sms kampaniyası keçiriblər. Nəticədə 55 min manat miqdarında vəsait toplanıb ki, bu vəsait də müəllim və şagirdlərin yaradıcı təlim metodları ilə təmin olunmasına yönəldilib.
   
   Gülər