Gürcü müəllifi Avksenti Saqarelinin məşhur «Xanuma» əsərinin bir neçə ay öncə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulması barədə xəbər vermişdik. İndi isə əsər Akademik Milli Dram Teatrında səhnələşdirilir.
   
   Musiqili Komediya Teatrının repertuarında olan əsərin Milli Dram Teatrında hansı yeniliklər, özəlliklərlə tamaşaçılara təqdim olunacağı maraq doğurur. Bu barədə məlumat almaq üçün əsərin rejissoru Mikayıl Mikayılovla görüşdük. Qeyd edək ki, bu tamaşa gənc rejissorun Milli Dram Teatrında ilk işidir. Bundan əvvəl Musiqili Komediya Teatrında, Dövlət Yuğ Teatrında tamaşalara quruluş verən M.Mikayılov məşhur əsərin səhnələşdirilməsinə böyük məsuliyyətlə yanaşdığını deyir. Onun sözlərinə görə, Milli Dram Teatrının direktoru İsrafil İsrafilov ona musiqili, şən bir tamaşa hazırlamağı təklif edib: “Teatrda musiqili tamaşanın olmasını istəyirdik. Müzakirələrdən sonra «Xanuma»nı seçdik. Bu əsərdə gürcü folkloru var. Gürcülər də, biz də qafqazlıyıq. Bu səbəbdən bizə yad ənənələr deyil».
   Xatırladaq ki, Milli Dram Teatrında hələ 70-ci illərdə «Xanuma» əsəri səhnəyə qoyulub, tamaşada baş rolu görkəmli aktrisa Hökümə Qurbanova oynayıb. İllər sonra teatrın səhnəsinə qaytarılan «Xanuma»nın yeni səhnə yozumundan danışan rejissor, 70-ci illərdəki tamaşada olduğu kimi, yenə Tofiq Quliyevin musiqilərinə yer veriləcəyini bildirdi: “Orkestrdən istifadə etməyəcəyik. Səhnədə piano qoyulacaq və canlı ifa ilə musiqiləri tamaşaçıya çatdıracağıq. Onu deyə bilərəm ki, bu, 40 il əvvəl qurulan tamaşaya oxşamayacaq. Bu gün ayrı zamandır və bu zamandan çıxış edərək əsəri səhnələşdirəcəyik”.
   M.Mikayılov bildirdi ki, səhnə əsərində əsərin yazıldığı dövrlə müasir dövrü qovuşdurmağa çalışıb: «Əsərdə sovet dövründən əvvəl gürcü xalqının yaşayışı əksini tapıb. Əsərdə maraqlı dramaturji əsas var. Personajların bir-birinə münasibəti professional səviyyədə qurulub. Bu, dünyada çox uğur qazanmış bir əsərdir. Rusiyanın hər bir teatrında bu tamaşa səhnəyə qoyulub. Biz «Xanuma»nı janr etibarilə musiqili parodiya janrında qururuq. Həmin dövrün parodiyasını bu dövrə də gətiririk. O dövrdə olmayan musiqilər bizim hazırladığımız «Xanuma»da olacaq. Həm indiki, həm də o dövrdəki problemlər yaxınlaşdırılır. Amma hər şey gürcü folkloru üzərində qurulacaq».
   Rejissor Musiqili Komediya Teatrında oynanılan «Xanuma»ya da toxunaraq, bildirdi ki, bu iki tamaşa bir-birindən fərqli olacaq: «Bizdəki tamamilə fərqli «Xanuma»dır. Çünki tamaşanın quruluşu fərqlidir. Bir çox məşhur tamaşalara baxsaq görərik ki, əsas obraz mahiyyət etibarilə olduğu kimi qalır. Amma tamaşa üslubu və aktyor oyunu tamaşanı dəyişir. Biz bu tamaşanı hazırladıqdan sonra Azərbaycanda iki «Xanuma» olacaq. Amma bu azdır. Düşünürəm ki, «Xanuma» digər teatrlarımızda da olmalıdır».
   Tamaşanın yaradıcı heyətinə gəlincə, Mustafa Mustafayevin quruluşçu rəssam olduğu «Xanuma»da rolları Xalq artisti Bəsti Cəfərova (Xanuma), Xalq artisti Ramiz Novruz və Əməkdar artist Cəfər Namiq Kamal (Knyaz), Xalq artisti Zemfira Nərimanova (Tekle), Xalq artisti Hacı İsmayılov və Əməkdar artist Əsgər Məmmədoğlu (Timote), əməkdar artistlər Mətanət Atakişiyeva (Kabato), Məsmə Aslanqızı (Keto), Səidə Quliyeva və İradə Həsənova (Davedjan), Elşən Cəbrayılov (Kote), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Elşən Rüstəmov və Ayşad Məmmədov (Niko) ifa edəcəklər. Tamaşa noyabr ayında teatrsevərlərə təqdim olunacaq.
   
   Gülər