Bülbülün Memorial Muzeyinin təqdimatında “Bülbülün qonaqları” rubrikası üzrə tədbirlər davam edir. Layihə çərçivəsində görkəmli bəstəkar, SSRİ Xalq artisti, simfonik muğam janrının banisi Fikrət Əmirovun (1922-1984) doğum gününə (22 noyabr) həsr olunmuş konsert keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq görkəmli müğənni Bülbül ilə Fikrət Əmirovun dostluq, yaradıcılıq əlaqələrindən danışıb.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri çıxış ediblər. Proqramda F.Əmirovun "Gülərəm gülsən" romansı, "Muğam poema", "Baharımsan", "Marşsayağı", "Sevilin rəqsi", "Vals", "Rəqs", "Ballada", "Ekspromt", "Sevgi rəqsi", "Min bir gecə" baletindən Oxatanların rəqsi, eləcə də "Evləri var xana-xana" xalq mahnısı ifa olunub.
Qeyd edək ki, layihə üzrə bundan əvvəl görkəmli bəstəkarlar Qara Qarayev, Səid Rüstəmov, Süleyman Ələsgərov, Məmməd Səid Ordubadi və ustad xanəndə Cabbar Qaryağdıoğlu yad olunub.