“Bir daha inandıq ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir”
   
   Prezident İlham Əliyevin Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi və 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncamları sənət aləmində böyük təqdir və razılıqla qarşılanıb. Sənət adamları, teatr xadimləri bu sərəncamları dövlət başçısının milli mədəniyyətimizə, incəsənətimizə yüksək diqqət və qayğısının növbəti nümunəsi kimi qiymətləndirirlər.
   
   Azərpaşa Nemətov,
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti:

   
   - 1873-cü ilin 10 martında Azərbaycanda peşəkar teatrın əsasının qoyulması əlamətdar bir tarix kimi uzun illər qeyd edilmişdir. 1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulandan sonra o dövrün siyasətinə uyğun olaraq, milli ənənələrimiz kimi, milli teatr gününü də bizə unutdurmağa çalışıblar. Lakin bu tarix unudulmamış, müstəqilliyimizi bərpa etdikdən sonra teatrımızın gerçək tarixi də qeyd olunmağa başlanmışdır. Ancaq çox istəyirdik ki, milli teatrımızın yarandığı gün rəsmi sənət bayramına çevrilsin. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Milli Teatr Gününün təsis edilməsi teatr tariximizdə böyük hadisədir. Ümummilli lider Heydər Əliyev teatra böyük önəm verirdi, qayğı göstərirdi. Bu gün onun yolunu cənab İlham Əliyev layiqincə davam etdirir. Teatra dövlət tərəfindən böyük diqqət var, teatr haqqında qanun, Dövlət Proqramı qəbul olunub, dövlət başçısı tərəfindən müvafiq sərəncamlar verilir, teatr binaları təmir edilir, sənət adamlarının sosial problemləri həll olunur. Mən çox sevinirəm ki, biz belə bir tarixi hadisənin şahidiyik.
   Mən Milli Teatr Gününün təsis olunması münasibətilə təkcə teatr ictimaiyyətini deyil, bütün Azərbaycan xalqını, teatrsevərləri təbrik edirəm. Çünki hansı ölkənin ki, mədəniyyəti, incəsənəti var, o ölkənin gələcəyi var. Hansı ölkənin ki, teatrı var, o ölkənin dünəni, bu günü, sabahı var. Bu diqqət və qayğıya görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.
   
   İsrafil İsrafilov,
   Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru:
   
   - Özlərinin peşə bayramının, Milli Teatr Gününün təsis edilməsi Azərbaycan teatr sənətində çalışan minlərlə insanın arzusu idi. Cənab Prezidentin sərəncamı ilə bizlər, yəni Azərbaycanın yaradıcı ziyalıları möhtəşəm bir hadisənin şahidi olduq. Bu tarixi əhəmiyyəti olan bir hadisədir. Hesab edirəm ki, bu sərəncam milli teatr sənətinin bundan sonrakı inkişafında, yaradıcı adamların fəaliyyətinin vüsətinin artmasında böyük önəm kəsb edəcək. Eyni zamanda, Azərbaycanda digər incəsənət sahələri ilə yanaşı, teatr sənətinə də verilən çox böyük, misilsiz önəmin konkret ifadəsi kimi hələ neçə-neçə Azərbaycan teatr sənətində çalışan nəsillərin iftixar etdiyi bir hadisə olacaq.
   Məlum olduğu kimi bu il Azərbaycan teatrının 140 yaşı tamam olur. 140 il ərzində milli teatrımız irili-xırdalı müxtəlif siyasi-ictimai, mədəni hadisələrdən keçib. İtkiləri də olub, qazandıqları da. Amma bu gün Azərbaycan teatrı müstəqillik dövrünün gözəl nemətlərini dadır və özünün fəaliyyətində artıq milli teatr sənətini ölkənin hüdudlarından kənara çıxarır. Milli teatrımız özünün nailiyyətlərini təbii olaraq öz demokratik yaradıcılıq kontekstinə uyğun tərzdə dünyaya bəyan edir. Bu çox mühüm bir məsələdir. İllər öncə biz bunları ancaq arzulaya bilərdik. Bütövlükdə Azərbaycan teatrı həmişə cəmiyyətin fəal cinahlarından olub. Bu günün özündə də Azərbaycan teatr sahəsində çalışan insanlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına və bütövlükdə bir xalq olaraq yeni inkişaf mövqelərinə çıxmasına çalışır. Hesab edirəm ki, bu çox mühüm bir hadisə bizim nəzərdə tutduğumuz böyük məktəbə aparan yolda ən etibarlı köməkçimiz və fəaliyyətimizi stimullaşdıran bir vasitə olacaq.
   
   İlham Rəhimli,
   sənətşünaslıq doktoru, professor:
   
   - Milli mədəniyyətimizə daha bir sənət bayramı daxil oldu: Milli Teatr Günü! Düzdür, uzun illərdir, teatr xadimləri bu günü peşəkar teatrın doğuluş tarixi kimi qeyd edir. Ancaq bu ildən etibarən ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 10 mart Milli Teatr Günü kimi bayram ediləcək. Bu sərəncam güclü inkişaf və təkamül prosesi keçən ölkəmizdə mədəniyyət və o cümlədən teatr sənətinə göstərilən dövlət qayğısının yeni və parlaq təzahürüdür. Yeri gəlmişkən, deyim ki, Azərbaycan teatr haqqında qanun qəbul edən azsaylı ölkələrdən biridir. Milli Teatr Gününün təsis edilməsi ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının tərkib hissəsi kimi qəbul olunmalıdır. Bu proqrama əsasən ölkəmizdəki teatr binaları növbə ilə əsaslı şəkildə təmir edilir, müasir avadanlıq və texnologiya, işıq, səs sistemi ilə təchiz olunur. Bu iş günü-gündən daha geniş vüsət alır. Mən fürsətdən istifadə edib sənət bayramı - Milli Teatr Günü münasibətilə teatr xadimlərini təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
   
   Əliqismət Lalayev,
   Dövlət Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi:

   
   - Azərbaycan Respublikası Prezidentinin Milli Teatr Gününün təsis edilməsi və Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında sərəncamları bütün teatr ictimaiyyəti kimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivinin də böyük sevincinə səbəb oldu. Sərəncamlarda milli teatrın fəaliyyətinə verilən yüksək qiymət kollektivimizin hər bir üzvünü qəlbən sevindirmişdir. Biz bir daha inandıq ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir. Son illərdə ölkəmizin mədəni həyatında xüsusi önəm kəsb edən teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədlərinin imzalanması bu sahənin sürətli inkişafına bariz nümunədir. Bu gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da özünün inkişaf mərhələsini yaşayır. Teatrda dövlət islahatlarına uyğun olaraq yüksək mənəvi-milli dəyərlərə söykənən repertuar formalaşır və bu iş davam etməkdədir. Bütün bunların həyata keçirilməsində dövlətin diqqət və qayğısını hiss edirik. Kollektivimiz dünyanın bir çox ölkələrində uğurlu qastrol səfərlərinə imza atmışdır. Ölkə əhalisi qarşısında uğurlu çıxışlarımız və müxtəlif bölgələrə qastrol səfərlərimiz də maraqla qarşılanmışdır. İnanıram ki, bu sərəncamlar bütövlükdə Azərbaycan teatrının yeni uğurlar qazanmasına güclü təkan verəcək. Bütün bunlara görə dövlət başçısına bir daha minnətdarlığımızı bildiririk. Biz bundan sonra da bütün yaradıcılıq axtarışlarımızı və sənət uğurlarımızı Azərbaycanımızın böyük inkişafına həsr edəcəyik.
   
   Bəhram Osmanov,
   Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi:
   
   - Prezidentin imzaladığı sərəncam Azərbaycan xalqının tarixi həqiqətini sübut etmiş oldu. Sevindirici hal isə bundan ibarətdir ki, bu sərəncam teatrın yaranmasının tarixdən həqiqətə çevrilməsinə imkan yaratdı. Uzun illər Azərbaycan teatr xadimləri bu tarixin dəqiqləşməsinə, bu tarixin həqiqiliyinə inanmaq istəyi ilə yaşayırdılar. Bu tarixin dövlət tərəfindən təsdiq edilməsinin şahidi olmağın özü də böyük sevinc hissi doğurur. Bu gün yaşayan nəsil əbədi olaraq öz sənət ömürlərində bu hadisəni qürurla xatırlayacaqlar və özlərindən sonrakı nəsillərə isə sənət dünyasında bu tarixin həqiqətə çevrilməsindən fəxrlə danışacaqlar. Mən deyərdim ki, bu sərəncam 140 ilin təntənəsidir.
   
   Nurəddin Mehdixanlı,
   Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti:
   
   - Azərbaycan teatrının 140 illiyi tamam olur. Bu böyük bir tarixdir. Bu 140 ildə Azərbaycan teatrı enişli-yoxuşlu yollar keçib, uğurlar qazanıb, yaşayıb və bu gün də yaşamaqdadır. Amma təbii ki, teatr canlı bir orqanizm olduğundan özünə münasibətdə qayğı və diqqət tələb edir. Bunsuz teatrın yaşaması, əlbəttə ki, çətin olar. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 10 mart Milli Teatr Günü kimi rəsmən təsdiq edildi və təbii ki, bu, böyük bir hadisədir. Bu həm Azərbaycan mədəniyyət tarixi, həm Azərbaycan teatr tarixi üçün ciddi bir hadisədir. Bununla bərabər cənab Prezidentin Azərbaycan teatrının 140 illiyinin qeyd olunması haqqında sərəncamı bütün teatr aləmində böyük təqdirlə qarşılandı. Bu, 140 illik tarixin hesabat mərasimi olacaq, ölkəmizin ayrı-ayrı bölgələrində yerləşən teatrlar hesabat verəcək.
   Bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə, Azərbaycan teatrına verdiyi dəyərin, qayğının və diqqətin göstəricisidir. Mən öz adımdan, bizim aktyor heyətinin adından cənab Prezidentə təşəkkürümüzü bildirirəm. Onu deyə bilərik ki, bundan sonra da var qüvvəmizlə çalışacağıq ki, Azərbaycan milli teatrı daha da inkişaf etsin, beynəlxalq aləmdə nüfuz, şöhrət qazansın.
   
   Təranə Vahid
   Lalə Azəri