Biri 1812, o biri 1873 tarixçələrində

Biri Şəkidə, o biri Bakıda. Biri Adəmdən bəri növbəti canlı kimi, o biri - bəşəri mədəniyyətdən üzübəri Azərbaycan hadisəsi olaraq. Biri kasıb bir həyət komasında, o biri - o günədək görünməmiş həyat məkanında - səhnədə. Demək olmaz ki - əgər birinci Olum olmasaydı, ikinci olmayacaqdı. Yox, - bir az geciksə də - olacaqdı. Amma, ən azı, yadlardan olacaqdı...

Deməli, Mirzə Fətəli Axundzadə və Azərbaycan Teatrı! Hər il doğum gününü qutlayıb, ölüm gününü andığımız milli Müəllifimiz və hər il yaranış gününü bayramlayıb, əbədiyaşarlığına inandığımız milli Teatrımız...
Öncə, qısaca da olsa, -

İkinci Olum haqda

Bu günlər 140 yaşını qeyd etdiyimiz bu “uşaq” (dünya teatr təşəkkülünə nisbətdə), bu “qoca” (Yaxın Şərq teatrlarıyla müqayisədə) 1873-ə qədər də xalqımızın əsas işləri, əməlləri daxilində fellənir, “qaravəlli”, “kos-kosa”, “şəbih” və s. adlarla böyür-başında fırlanırdı. Lakin bu xalq artıq nəzəri cəhətdən (məlum 6 mükəmməl komediya ilə səhnəyə çıxmağa hazır olsa da), dünyanın siyasi rejissurası onu yalnız həyət-baca, çöl-bayır səhnələrində “əməkçi insan surəti” rolunda çıxış etməyə məhkum etdiyindən, bir qurşaqlıq hündürlüyə - teatr səhnəsinə qalxa bilmirdi. Bununla da, təklikdə - “dörd divar” içərilərində böyük hikmət, mədəniyyət fəlsəfələri, söz sənəti yaradan bu millət kollegial-teatral akta gecikir, onunla vur-tut bir-iki addımlıqda olub, dərd-sərini, hal-əhvalını birbaşa üzünə söyləyəsi, beş güldürüb-üç anladası, hərdənbir də bir göz ağladası sənətkarlarla üzbəüz ola bilmirdi.
Nəhayət, birinci Olumun çox yazıb-pozmasından, milli-mədəni inkişaf yolunda çox atəşlərə yanıb-yaxılmasından sonra elə onun öz əsərilə ikinci Olum da baş verdi. Birincini valideyn, ikincini övlad hesab etsək, bu olumlar arasındakı 61 il uzun da görünür, qısa da. “Valideyn”in hələ ilk gənclik illərindən arzuladığı və bu arzunu həyata keçirməkçün əməli işə qol qoyub gənclik çağlarından yazmağa başladığı əsərlərdən biri - “Lənkəran xanının vəziri” onun qocalığı astanasında - 1873-cü il martın 10-da səhnə kamına yetdi.
Həmin gündən başlanan Səhnəmiz sonralar az qala ildırım sürətli inkişaf yolu keçdi, böyük kütlələrin, neçə-neçə nəsillərin alqışlarına, heyrətlərinə səbəb oldu, “partiya və hökumət” təltiflərilə qiymətləndirildi. Günlər də gəldi ki, “futbol Şekspiri üstələdi” (Ə.Kürçaylı), teleekranlar onu kölgədə qoydu. Lakin teatr ana sənət, canlı ünsiyyət məkan-məqamı olaraq qaldı və qalacaq!..
Və bu əzəli-əbədi sənətin ilk Azərbaycan Müəllifindən -

Birinci Olumdan...

Azərbaycan dramaturgiyasının bu aldanmamış kəvakibi Kəmalüddövlə yazdığı fəlsəfəsi ilə bizi “şanlı məktub”lar primitivizmindən xilas etdi. Altı böyük sənət pərdəsilə “Məşdibad-Sərvər” dialoqluğumuz arasındakı put daş hasarları götürdü. İmperiya hərbindəki qılınc-qalxan, top-tüfəng fərasətimizə dəftər-qələm, intellekt fəhmi də əlavə etdi.
Ölməz əsərləri onun sənətkarlığı haqda necə fikir və qənaətlər doğurursa, məktubları da şəxsiyyəti - ali milliliyi, fədakar ziyalılığı, iman və inam sağlamlığı barədə eləcə rəy yaradır. Nəzərə alaq ki, canlı nitq, dil-ifadə hadisəsi kimi də çıxış edən məktub - yazı-pozu nümunələri içərisində real, bilavasitə ünsiyyətə, həyati-şühudi söyləntiyə ən yaxınıdır.
İş (əslində, sovet “iş”i) elə gətirdi ki, Mirzə Fətəli sadə xalqa uzun illər yalnız “Kəmalüddövlə məktubları” ilə tanındı. Və “tərslikdən” bu ədəbi-bədii sənət məktubu o qədər qüdrətlidir ki, ümummilli Mirzəmizin digər sənəd-məktubları uzun illər kölgədə qaldı. Böyük filosof-ədib öz dövrünə qədərki aləmi yetərincə bilənlərdəndi və əski Türk düşüncəsindəki “Allah var, bəndə var - araçı yox” inancından da xəbərdar idi. Qeyri-müsəlman bir müdrikin “Əgər Allah olmasaydı da, onu uydurmaq lazım idi” deyimindən də xəbərdar olan filosof-ədib bunu da gözəl bilirdi ki, şagirdin elm-bilik öyrənməsi, şəyirdin sənət-peşəyə yiyələnməsi müəllimsiz, ustadsız mümkün olmadığı kimi, kütlələrin də Tanrıya tapınması araçısız - peyğəmbər və imamlarsız hasilə gələn iş deyil. Bəs nədən bu böyük biləndər dövri olaraq (hətta ölümayağı vəsiyyətində belə) “bütün dinləri puç və əfsanə hesab edirəm” iddiasından əl götürmədi? Bəlkə həm də onun bildiklərilə gördükləri arasındakı yer-göy fərqlərə, o dünya-bu dünya təfavütlərə görə? Bu qəribə məntiqi hökmü onda bəzi müsəlman vaizlərinin islam təbliğatındakı bəzi moizələri - xüsusən də dünənə bağlaşıb-ağlaşma, sabaha göz yumub uzaşma “fərman”ları yaratmışdı. Məncə, bunların da məsələyə az dəxli yox idi. Axı, o, bütün Qafqazın ən əxlaqlı, səviyyəli, milli məfkurəli şeyxləri, axundları, müftilərilə çox aydın anlaşmada, yaxın ünsiyyətdə, mədəni-mənəvi münasibətlərdə idi, aralarında tamamilə qarşılıqlı hörmət-izzət vardı.
Ölümündən az əvvəl, “Əkinçi” qəzetində şiə təəssübkeşliyi və şəbihçiliyinin qızğın müdafiəçisi kimi çıxış edən bir kapitana yazdığı bir məktubda Mirzə Fətəli İmam Hüseyndən ehtiramla söz açır: “...Biz gərək öylə cavana afərin oxuyaq və mərdanəliyindən fəxr edək!”
Hə, bu sözlər dini (-teatral) “şəbihgərdənlik” mərasimlərində zəncir vurub baş yarmaqlardan, “Necə qan ağlamasın daş bu gün, kəsilib yetmiş iki baş bu gün!” - deyə qışqır-bağırmaqlardan aşağı dərəcəli biətdirmi?
“Yad”lar haqqında elə deyən bu bəşəri Mirzə həmin məktubunda “dilkeş” doğmalarımızçün də əməl fəlsəfəsi söyləyirdi: “Əgər biz istəyirik ki, bir gunə əməllərlə İmam Hüseyni özümüzdən razı və xoşnud edək və öz iradətimizi ona nisbət sübuta yetirək, onda gərək onun təziyədarlığından əl çəkib, bu şəbihlərə sərf olunan pullar ilə hər şəhərdə o həzrətin şiələrinin övladlarına təlim-tərbiyə vermək üçün məktəbxanalar açaq və hər məktəbxananın qapısında yazıb yapışdıraq ki, İmam Hüseyn Əleyhissəlamın eşqinə bu məktəbxana bərpa olunubdur”.
Bu cümlədəki “məktəbxanalar açaq” ifadələrini “teatrlar açaq” kimi də almaq olmazmı?..

M.F.A. obrazını yaradan məktublardan

Bəhs açacağım məktubların, toxunacağım məqamların, sətirlərin M.F.Axundzadənin şəxsiyyət portretini mənəvi boyalar kimi canlandıracağı gümanındayam. Doğrudur, onun “Kəmalüddövlə məktubları”ndakı daha çox rasional, bəzən irrasional fikirləri, düşüncələri (“...əgər hər hansı bir günaha görə insan o dünyada qıl körpüdən keçirilib qır qazanına düşürülürsə, Allah ən böyük despot deyilmi?!” kimi sual və nidaları) ədəbiyyatşünas alimlərin, publisistikanın əbədi tədqiqat mövzusu olaraq qalacaq. Lakin onun digər məktubları qələmə alındıqları gündən bütün gələcəklərədək tam aydın və birmənalıdırlar.
Özü də bu məktubların çoxusu milli hədəfləri axtarıb-arayan, ümumxalq işığını yandırmağa çalışan əsərlər dəyərindədir. Böyük islahatçı-ədib əlifba dəyişiminə dair fikirlərini başqalarıyla bölüşmə cəhdlərilə bağlı məktublarında da məqsəd-məramının daha geniş arealda yayımı üçün ciddi və orijinal metodlara səy edirdi. O, iranlı Mirzə Yusif xana yazırdı: “Ruhulqüdsün əlifbanı dəyişdirməyin lazım olmasına dair yazdığı kitabçasını münasib gördüyünüz və mümkün saydığınız hər kəsə verin, oxusun. Kitabçanın məzmunu və əqidəsi haqda oxucuların fikrini zəhmət çəkib bizim üçün yazın ki, mənim və cənab Şeyxülislamın arasında müzakirə vasitəsi olsun”.
Elə həmin il (1870) Mirzə Melkum xana yazdığı məktub, müasir dövrümüzün elm-təhsil təsisatları baxımından yanaşsaq, bəlkə də bir “akademiya işi” müqabilindədir: “Cənab Şeyxülislamla birgə xahiş edirik ki, mükəmməl tərtib etdiyiniz yeni sait və samit hərflərin şəkillərini - çap nüsxəsi olarsa, çap olunmuş halda, olmazsa, qələmlə yazılmış halda - çox zəhmətə səbəb olan təfsilat ilə deyil, bir-iki səhifədə yazıb bizə göndərəsiniz ki, nəzərdən keçirə bilək”.
Hələ bu da var ki, Həsən bəy Zərdabi başda olmaqla, bütün xalqımızın milli-mənəvi övladı kimi doğulmaqda olan “Əkinçi”nin dünyaya gəlimində Şeyxülislam və Müftinin dəstəyinə də Mirzə Fətəli nail olmuşdu.
Elm-bilim aləmindən başqa heç bir istinadgahı olmayan “hərbçi”-ədibin öz oğlu Rəşidlə bağlı yazdığı bir məktub isə həm də ünvanlandığı şəxsin - İranın Parisdəki səfiri Mirzə Yusif xan Müstəşarüddövlənin kimliyinə, onun dostluq sədaqətinə, ədəb-irfan adamları üçün bir məhrəmlik, ərk yeri olmasına dəlalət edir. Məktubda öz doğma oğlunun belə dini inancına müdaxilə etməyən bu atanı birmənalı olaraq “puç və əfsanə” devizli müəllif, filosof, ədib, ictimai xadim, qısası - dinsiz kimi qəbul etmək, ən azı, Allahsızlıq olardı...
Uzun illər Qafqaz canişinliyinin hərbi-inzibati aparatının əvəzsiz tərcüməçilərindən olmuş, ərəb, fars, türk, erməni dillərini mükəmməl bilən Mirzə Mustafa rəhbərliyə ünvanladığı məlumatlardan birində yazırdı: “Baş idarə dəftərxanasının mərhum tərcüməçisi M.F.Axundov kiçik yaşlarımdan etibarən Şərq dillərini öyrənməyimi nəzarətdə saxlamış, türk, ərəb, tatar və fars dillərinə mükəmməl yiyələnməyim üçün bilikli və təcrübəli müəllimlər tutmuşdu”.

Vəsiyyət-“məktub”...

Son günlər... Ölüm yatağı...
Dini aləm... Ətrafın bu “dinsiz”ə - bütün ömrü uzunu milli olumlar saçmışın ölümünə, dəfn-kəfn ritualına məlum münasibəti...
Və nəhayət, başına yığılmış “böyük, yaxın, uzaq əşxaslar”dan general Yadigarov: “- Mirzə, Siz nə sayaq dəfn olunmaq istərdiniz?
- Bilirsiniz ki, mən heç bir dinə inanmıram. Ölülərin əziyyətlərindən dirilərin nə cür, nə sayaq xilas olmalarının mənimçün elə bir əhəmiyyəti yoxdur. İstədiyiniz kimi dəfn edə bilərsiniz...”
...Və vaxtilə universitet (ADU-BDU) auditoriyasında bir müəllimimizdən eşitdiyim: «Həyatda elə qanunsuzluqlar, cinayətlər, qüsurlar var ki, onların islahı, cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət etmək olmur. Məsələn, öz xəsisliyi ilə arvad-uşağına, qohum-əqrəbasına olmazın əziyyətlər verən Hacı Qaranı ancaq və ancaq öz istedad və sənətkarlıq «qılıncı» ilə Mirzə Fətəli Axundzadələr islah edə bilər. Yusif Sərraca, Hacı Qaraya, Molla İbrahim Xəlilə, Müsyö Jordana, Məstəli şaha, Lənkəran xanının vəzirinə və başqa «bədii insanlar»a əbədi ömür bəxş etmiş canlı sənətkar heç vaxt ölməz...»

Tahir Abbaslı