Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaranmasının 44 illiyi ilə bağlı «Azərikimya» İstehsalat Birliyi (İB) rəhbərliyinin yaradıcı kollektivlə görüşü olub.
   
   Qonaqları səmimiyyətlə salamlayan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov hələ 44 il əvvəl - 1969-cu il martın 14-də gənclik şəhərinin ilk Dövlət Dram Teatrının yaranması tarixindən danışıb. Qeyd olunub ki, İncəsənət İnstitutunu yenicə bitirmiş məzunlardan ibarət truppanın ilk səhnə əsərinin - «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşasının ayağı sayalı olub. Bu günədək teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının klassik və müasir əsərləri əsasında 200-dən artıq tamaşa göstərilib.
   «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt kimyaçılarının sevimli teatr ilə sıx əməkdaşlıq əlaqələrindən məmnun olduğunu bildirib və şəhər sakinlərinin bədii zövqünün, teatra həvəsinin formalaşmasında kollektivin böyük rolu olduğunu deyib. Zəngin repertuara malik Sumqayıt teatrının hər yeni tamaşasına kimyaçıların kollektiv şəkildə baxışı artıq bir ənənə halını alıb.
   Görüşdə «Azərikimya» İB-nin kollektivi adından teatrın yaradıcı kollektivinə hədiyyələr təqdim edilib. Axşam saatlarında isə teatr «Azərikimya» müəssisələrinin əməkçiləri, şəhər sənətsevərləri qarşısında Mirzə Fətəlinin ölməz komediyasını - «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşasını nümayiş etdirib.