“Hamı səni sevənlər burdadı”
   
   Mayın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış yazıçı-dramaturq, görkəmli alim, filologiya elmləri doktoru, professor Kamal Abdullanın “Hamı səni sevənlər burdadı” pyesi əsasında hazırlanmış “Şah və şair, yaxud hamı səni sevənlər burdadı” adlı yeni tamaşanın premyerası keçirilib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur.
   Janrı ikihissəli xəyali oyun kimi təyin olunmuş səhnə əsərində hadisələr gerçəkliklə tarixin kəsişməsində baş verir. Bu tamaşa xəyali oyundur, burada yuxu estetikasından istifadə olunur.
   Əsərdə iki zamanın - orta əsrlərin və müasir dövrün çulğaşması və bunun vizual olaraq səhnədən tamaşaçıya çatdırılması mürəkkəb texniki vasitələrin köməyi ilə mümkün olub. Dekorasiyalar, işıq effektlərinin dəyişməsi, musiqi və videoçarxlardan istifadə tamaşanı daha baxımlı və maraqlı edir.
   Tamaşada rolları əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Oqtay Mehdiyev, Vüsal Mustafayev ifa edirlər. Premyerada tanınmış elm, mədəniyyət xadimləri, Milli Məclisin deputatları, sənətsevərlər iştirak ediblər.