Amma əlli il bu səhnənin yaraşığı, bu zalın “anşlaq”ı olmuş Hökümə Qurbanovasız...
   
   Otuz beş ildir bura onsuzdur, o, burasız. Sənət hökmlü Höküməsiz. Kleopatra energetikasız. Hermiona işvəkarlığısız. Tamara, Nataşa bənzərsizliyisiz. Yeva Qrant, Vasantasena, Südabə, Bənövşə... rəngarəngliyisiz. Büllur səs-səda cingiltilərisiz. Ürək çırpıntılı, can-ciyər süzgəcli sözlərsiz. Hərəkətin sənət hərəkatlığısız. Şimşək çaxışına timsal baxışlarsız, zəngulə analoqlu gülüşlərsiz, qızılgül qönçələrinə təşbeh təbəssümlərsiz...
   
   Bu fikir-qənaətləri 11 iyun axşamı Füzuli meydanında iki bir-üç bir gəzişənlərin söhbət və düşüncələrindən ümumiləşdirilmiş çıxarış da hesab etmək olar. Onların arasında otuz-qırx il öncələrədək buraya, daha dəqiqi, bu meydandan bir boy yuxarıda yerləşən binaya - o vaxtlar “sənət məbədi” adıyla da nişan verilən Akademik Milli Dram Teatrına gəlib-getmişlər - deməli, yaşlılar, ahıllar, qocalar daha çoxdur. Və deməli, buradakılar arasında bu axşamkı olaydan xəbəri olmayanlara və elə bu subyektiv səbəbdən də - “teatr qocalıb” deyənlərə - belə də gələ bilərdi ki, tamaşaçı da qocalıb...
   Amma yox, əks-arqumentlilərin əllərindəki təzə-tər çiçəklər, atüstü qaynar dialoqlar, dəb geyimlər, şıq yerişlər, şax baxışlar, şux maraqlar göstərir ki, nə 140 illik teatrımız qocalıb, nə milli müstəqillik ruhlu tamaşaçımız, nə də 100 yaşlı Hökümə xanım Qurbanovamız!
   Saat 19:00. Zal da dolu, xəyallar da. Zal adamlarla, xəyallar sevgi ilə, məhəbbətlə. Bu cəm şəkilçiləri elə-belədən deyil; axı, Hökümə xanımı misilsiz sənətkar kimi də seviblər, vətəndaş-sənətkar kimi də, həyat yoldaşı, ana, rəfiqə, tərəf-müqabil və... sadəcə, füsunkar qadın, nazəndə gözəl kimi də!..
   Zaldan səhnəyə sürəkli alqışlardan əvvəl də, bir an sonra da elə bir sükut ki... onun ruhu şirmayı pərdələr alnına bənd edilmiş şəkilləri yanında cismi kimi canlanır, səsi xəyal-xəyal, pərdə-pərdə eşidilir.
   Tədbirin rejissor mizanlarına uyğun alınan bu təbii-sehrli anlardan sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev səhnəyə dəvət edilir. Yığıncaq iştirakçılarını salamlayıb, möhtəşəm yubiley tədbirini açıq elan edən natiq sözünə misilsiz sənətkarımızın ömür yolundan başlayır. Qeyd edir ki, Hökümə Qurbanova öz ətrafının, ustad teatr-səhnə xadimlərinin və nəhayət, aktyorluq, sənətkarlıq qabiliyyətinin məhək daşı olan tamaşaçıların diqqətini ən tez, ən erkən yaşlarındanca cəlb etmiş aktrisamız olub. Cəmisi iyirmi yaşında - tələbə ikən Cəfər Cabbarlı kimi nəhəng, bani dramaturqumuzun onu “Almaz” filmində Yaxşı roluna dəvət etməsi faktının özü bu baxımdan az söz demir.
   Ədalət Vəliyev Hökümə Qurbanova fenomeni haqda fikrini onun 55 illik çox məhsuldar ömründə yaratdığı təkrarsız obrazlar barədə konseptual, bəzi məqamlarda fraqmental qeydlərlə davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin “Hökümə Qurbanovanın 100 illik yubileyi haqqında” 2013-cü il 4 mart tarixli sərəncamına uyğun olaraq keçirilən bu təntənəli tədbiri böyük səhnə ulduzumuzun, “birincilərin birinci sırasında olanımızın” əməyinə və xatirəsinə verilən yüksək qiymət kimi dəyərləndirir.
   Sonra səhnəyə görkəmli sənətşünas, professor Məryəm Əlizadə dəvət edilir. O, Hökümə xanımla dəfələrlə görüşməsi, onun həmsöhbəti, çağdaşı, peşə baxımından həm “uzaq”, həm yaxın həmkarı olmasından, onun “bax, bax, bu səhnədə(!)” yaratdığı bənzərsiz rollarından danışır. “Hökümə xanım ehtiraslar aktrisası, sənət alovları daşıyıcısı və saçıcısı idi. O, səhnəyə qədəm qoyduğu gündən zirvələrə doğru hərəkət edib. O, bəzən trafaret kimi səslənən və səsləndirilən “forma ilə məzmunun vəhdəti” fikrini öz oyun, səs, geyim, mahiyyət elementlərilə büsbütün reallaşdırırdı. O, Adil İsgəndərov, Tofiq Kazımov kimi səhnə-quruluş korifeylərinin bərqərar-güvənc yeri idi. Hələ mən onun 1964-cü ildə lentə alındığı Kleopatrasına bəstəkarlıq və rəssamlıq etmiş dahiləri - Qara Qarayev və Tahir Salahovu demirəm!”
   “Demirəm” desə də, Hökümə Qurbanova zirvəsində çox gəzişən Məryəm xanım çıxışını “...ölüm də onun ifasında bir qələbə, bir bənzərsizlik idi” fikrilə bitirir.
   Səhnədə cərəyan edən növbəti mizan-düzənlər, kino-tele kadrlardan parçalar, vaxtilə Hökümə xanımla tərəf-müqabil və ya ötəri yaradıcılıq ünsiyyətində olmuş bugünkü məşhurların və səhnə “yeniyetmə”lərinin çıxışları, yubilyar rollarından “iqtibas” traktlar bir daha təsdiq edir ki, ölüm də Hökümə Qurbanovanın ifasında qələbə imiş. Əlbəttə, son “rol”, son qələbə...
   Bütün bu çıxışlar, cari oyunlar, rollar, obrazlar elə məxsusi bir təhər-tövrdə canlandırılır ki, sanki bütün bunların müəllifi də, rejissoru, aktyor-aktrisası da elə sabiq oyunçu, rolçu, obrazçı Hökümə Qurbanova özü imiş. Deməli, nə? Deməli, tədbirin rejissoru - Naxçıvan MR-in Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə hədəfi kamil ovçu sənətkarlığı ilə nişan alıb.
   Xalq artistləri Ramiz Məlik və Ramiz Novruzun Hökümə xanım haqqında çıxışları gah minor monoloq, gah major dialoq kimi səslənir. Bu kolorital-kaleydoskopial sözlər, xatirəvi nüanslar, hisslər, sığallı yumor, qoğallı atmacalar ayrıca-alayıca bir mini teatr-tamaşa...
   Xalq artisti Fuad Poladov həmişə hökmü-hakim kimi, fateh sayağı göründüyü səhnəyə bu dəfə “şəyird” görkəmində çıxır. Bu görkəm onun “Elə bilirəm, bu dəqiqə Hökümə xanım da əyləşib zalda...” - nəqlisini tam əqli bir fikir kimi çatdırır və əlavə edir - “...çantasını açıb, eynəyini taxır və baxır... Baxır ki, “görüm, nə danışacaqlar?..” Nə danışasıyıq ki, onun özgür-özlüyünə bab olsun. Aktrisalar çılğınlığı, sevgini, nifrəti - hər şeyi oynaya, hər nüansı verə biliblər və bunları bundan sonra da edə biləcəklər. Bəs, Hökümə Qurbanova plastikasını?!.”
   Sonrakı çıxışlar, kino-telelentlər, retro-səhnə parçaları da çox şey dedilər, çox duyğular oyatdılar, zaldakıları “1933-1988” tarixinin sənət-səhnə coğrafiyasına çox ekskurs etdirdilər. Bunların hamısının yönünü bir cümləlik yığcamlığa yönəltsək, belə yazılar: Hökümə Qurbanova iki “5”lik - 55 illik bir sənət erası yaradıb getdi və ilk yüzilliyinə bu sevgi ilə gəlib yetdi...
   Hələ səhnədə danışanlar var. Bu çıxışlar, yubilyarın ekran sədaları eşidildikcə, zaldakıların qaşları muğam məqamlarına huş-guş edirmiş kimi çatılıb-yatılır...
   Hökümə xanım isə axırıncı kinolentin lap son kadrında qrim otağında məşşateyi-fırça ilə qaşlarını düzəldir. Özü də məşhur “qaş düzəltdiyi yerdə...” zərb-məsəlindəki zərərdidə orqanların sevinc və fərəh dolu nəzərləri altında...
   
   Tahir Abbaslı