Avqustun 2-10-da Böyük Britaniyanın Edinburq şəhərindəki “Gryphon Venues” teatrında Azərbaycanın Xalq yazıçısı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında eyniadlı tamaşanın premyerası olacaq.
   Səhnə əsəri Britaniya paytaxtında fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF teatrının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə təqdim ediləcək. Tamaşada bəstəkar Məmməd Ənsarinin musiqisi səslənəcək.
   Pyesdə hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə müxtəlif personajların məzhəkə elementləri yer alıb. İntihara meylli, anormal olan bu personajların hər biri öz gerçəkliyində yaşayır, lakin buna baxmayaraq, nə yollasa bir-biri ilə dil tapır. Əslində, bu personajların hər biri “dəli” roluna namizəddir. Amma bu aləmə təsadüfən düşmüş ağlı başında olan yeganə adam dəli kimi qəbul edilir.