Lənkəran Dövlət Dram Teatrı özünün 123-cü mövsümünə başlayıb. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən teatrın direktoru İslam Həsənov və baş rejissoru Tural Mustafayev kollektivin ötən mövsümdə qazandığı uğurlardan, gələcək planlardan söz açıblar.
   
   Qeyd olunub ki, milli teatrımızın 140 illiyi münasibətilə bu il iyunun 25-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əməkdar artist Təvəkkül Əliyev “Tərəqqi” medalına, aktyor Sücəddin Mirzəyev “Əməkdar artist” fəxri adına layiq görülüblər. Teatrın aktyorları Eynəli Nurullayev və Şahrud Mehdiyeva, rəssam Məmmədyar Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.
   Bildirilib ki, hazırda teatrda baş rejissor Tural Mustafayevin quruluşunda Aldo Nikolainin “Dəmir sinif” pyesi səhnələşdirilir. Paralel olaraq Slovamir Mrojekin “Mühacirlər” əsəri üzərində də iş gedir. Tamaşaya Ukraynadan dəvət olunmuş rejissor Andrey Nepitalyuk quruluş verəcək. Tamaşa UNESCO-nun xətti ilə hazırlanır və təhvil verildikdən sonra 4 ölkənin teatrlarında müxtəlif dillərdə oynanılacaq.
   Çıxışlardan sonra dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış yeni tamaşa sənətsevərlərə təqdim olunub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr ucqar dağ kəndlərinin birində cərəyan edir. Tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Emin Fərzullayev, Sücəddin Mirzəyev, Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova oynayırlar.