Oktyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək. Orkestrin dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.
"Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətiələ Üzeyir Hacıbəylinin ev-muzeyində də tədbirlər nəzərdə tutulur. Oktyabrın 23-də muzeydə konfrans, ayın 25-də isə "Əsrləri fəth edən arşın malçı" adlı tədbir keçiriləcək. Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında "Arşın mal alan" operettasından parçalar nümayiş etdiriləcək, musiqilər səslənəcək. Muzeydə həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi təqdim olunacaq.
Qeyd edək ki, UNESCO baş konfransının qərarı ilə dünya musiqi sənətinin incilərindən olan “Arşın mal alan”ın 100 illik yubileyi beynəlxalq miqyasda qeyd edilir. Operetta dünyanın bir çox ölkələrində səhnələşdirilib, 1945 və 1965-ci illərdə “Azərbaycanfim”də ekranlaşdırılıb.