Maraqlı hərəkətlərlə dolu bir aləm

Noyabrın 10-da “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Böyük Britaniyanın Dorset Kukla Teatrının “Havada asılmış” tamaşası göstərildi.

Rejissor Stiven Mottramın quruluş verdiyi tamaşada musiqi olsa da, söz-danışıq yoxdur. Ancaq kuklalar maraqlı hərəkətlər edir. Müxtəlif fonda-rəngdə işıq və dinamik musiqi tamaşaçıların diqqətini çəkir. Səhnədə görünən beş kukla qaranlıq fonda çox az hiss edilən ifaçının iradəsi ilə hərəkətə gəlir. Sanki bir əsgər yüksəklikdən yerə enir. Çox ehtiyatla aşağı əyilir və sürünərək irəliyə doğru hərəkət edir. Xeyli irəlilədikdən sonra hədəfə çatır, əmri yerinə yetirib geri dönür. Tapşırığı uğurla yerinə yetirməsindən məmnun qalaraq rəqs etməyə başlayır. Rəqs edə-edə gedir divara söykənir və qaranlıqda yox olur...
İkinci kukla çox cüssəli və əzələli bir idmançıdır. O, yaxınlaşıb dəmir ştanqı yerdən götürür. Müxtəlif akrobatik hərəkətlər göstərir. Oyununu başa çatdırır. Sanki bir qalib kimi ştanqı yerinə qoyur və qaranlıqda gözdən itir.
Üçüncü, dördüncü və nəhayət, beşinci kukla hərəkətə gəlir. Göydən çox da iri olmayan bir qaz yerə düşür. Musiqinin müşayiəti ilə maraqla rəqs edə-edə səhnədə dövrə vurur və gəlib bir münasib yerdə yatır. Kiçik balaları rəqs edə-edə gedib ona sığınırlar.
Hər kuklanın oyunu ayrı-ayrılıqda bir tamaşa kimi təqdim olunur. Rejissor Stiven Mottramın kukla oynatmaq bacarığı və Qli Perinin elektron musiqisi fərqli qayda-qanunlara malik sehrli, məzəli və poetik bir aləm yaradır.

Savalan