Xəbər verdiyimiz kimi, TÜRKSOY təşkilatı 2013-cü ili görkəmli qazax bəstəkarının şərəfinə “Mukan Tolebayev ili” elan edib. Bəstəkarın 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir. Noyabrın 18-də Türkiyənin Samsun şəhərində qazax bəstəkarının “Birjan və Sara” operasının premyerası keçirilib. Samsun Dövlət Opera və Balet Teatrı və TÜRKSOY-un işbirliyi çərçivəsində hazırlanan tamaşa sənətsevərlərin marağına səbəb olub. Böyük anşlaqla keçən premyerada TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Samsun Böyükşəhər Bələdiyyəsinin sədri Yusif Ziya Yılmaz, bəstəkarın oğlu Aydar Tolebayev də öz ailəsi ilə iştirak ediblər. Yaxın gələcəkdə kollektivin bu tamaşa ilə xarici ölkələrə qastrol səfərləri planlaşdırılır.