Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yanvarın ilk günlərindən beynəlxalq layihə əsasında yeni səhnə əsərinin məşqləri başlanıb. İngilis dramaturqu, ssenaristi və kinorejissoru, “Oskar” mükafatçısı Martin Mak Donaxın “Linenin trilogiyası” əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik ilahəsi”, “Yalqız Qərb” tamaşalarının hazırlanmasına start verilib. Britaniyalı quruluşçu rejissor (Yan Vilyem Van Den Boh), tərtibatçı rəssam (Liza Kuk) və işıq üzrə rəssamın (Maykl Manyon) hazırladığı tamaşalar teatrsevərlərə yeni hədiyyə olacaq.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “British Council” və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi “Teatr əməkdaşlığı”na dair müqavilə əsasında reallaşır. Layihədə britaniyalı teatr mütəxəssisləri ilə bərabər Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirlər. Tamaşaların martın əvvəlində - Milli Teatr Günü ərəfəsində nümayiş etdirilməsi nəzərdə tutulur.
Teatrın mətbuat xidmətindən verilən digər məlumata görə, bu il sənət ocağının repertuar planına uşaqlar üçün “Qırmızıpapaq” (Yevgeni Şvarts), “Qoğalın nağılı”, digər yaş kateqoriyasından olan tamaşaçılar üçün “Linenin trilogiyası” ilə yanaşı, Uilyam Şekspirin “III Riçard”, Jorj Feydonun “Qadın dərzisi” tamaşaları daxil edilib.
Bundan əlavə, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar teatrda müəllifin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında yeni tamaşa hazırlanacaq.

Həmidə Nizamiqızı