Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilən eyniadlı baletin premyerası olacaq.
İkipərdəli tamaşanın süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulub. Qəhrəman Tomrisin yadelli işğalçılara qarşı mübarizədə qılıncın gücü və qadın müdrikliyi sayəsində qələbə çalması tamaşanın əsas leytmotivini təşkil edir.
Baletdə teatrın aparıcı solistlərinin ifasında muğam parçaları da səslənəcək.
Tamaşanın quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, libretto müəllifi jurnalist və tənqidçi Əjdər Hacıyev, səhnə tərtibatçısı Xalq rəssamı Rafis İsmayılov, dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Əsas partiyaları xalq artistləri Kamilla Hüseynova (Tomris), Gülağası Mirzəyev (Atr), Əməkdar artist Yelena Skomoroşenko (Banu) və aparıcı solist Anar Mikayılov (Şah) ifa edəcəklər.
Maestro Niyazinin yaradıcılığına məxsus ən dəyərli musiqi əsərlərindən olan “Rast” simfonik muğamı əsasında muğam-baletin yaranması ölməz sənətkarın zəngin musiqi irsinin təbliğinə böyük töhfədir.

Həmidə