Azərbaycan teatrsevərlərinə ilk dəfə üç seansdan ibarət tamaşa təqdim olunacaq

Xəbər verdiyimiz kimi, Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi ilə Britaniya Şurasının (British Council) Azərbaycan nümayəndəliyinin əməkdaşlığı çərçivəsində “Oskar” mükafatçısı, dramaturq Martin MakDonaxın pyesi əsasında “Lineyn trilogiyası” tamaşası səhnələşdirilir.

Britaniyalı mütəxəssislərin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycan teatrlarında çalışan aktyorların və texniki heyətin peşə bacarığı və imkanlarını artırmaq üçün nəzərdə tutulmuş “Teatr əməkdaşlığı” layihəsi üzrə hazırlanan tamaşa (üç seansdan ibarət) teatr təcrübəmizdə bir ilk olacaq.
Layihənin əsası bir il öncə qoyulub. 2013-cü ilin fevral ayından başlayaraq, Britaniya Şurası Gənc Tamaşaçılar Teatrında Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Liza Kuk və peşəkar teatr rejissoru Yan Vilem van den Boş kimi mütəxəssislərin iştirakı ilə təlimlər təşkil etmişdi.
Bu əməkdaşlığın ardınca müasir dövrün ən məşhur dramaturqlarından sayılan Martin MakDonaxın “Lineyn trilogiyası”nın səhnə həlli ideyası irəli sürülür. Özündə üç pyesi - “Lineynin gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” əsərlərini birləşdirən trilogiya əslində həm də biri-birini tamamlayan ədəbi nümunələrdir. Maraqlı insani münasibətlər kontekstində real boyalarla əks olunan tragikomediyanın səhnələşdirilməsi üçün quruluşçu rejissor və quruluşçu rəssam Britaniyadan dəvət olunub.

Aktyor səhnədə sərbəst olmalıdır

Tanınmış teatr rejissoru Yan Vilem van den Boşun quruluşunda hazırlanan trilogiyanın hər üç bölümünün azərbaycanlı rejissorları da var. Onlar teatrın istedadlı gənc rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır. On iki nəfərlik aktyor heyəti ilə əsərin səhnələşdirilməsi prosesinə rəhbərlik edən britaniyalı rejissor bizimlə söhbətində tamaşanın uğurlu alınması üçün əlindən gələni etdiyini dedi: “Düşünürəm ki, teatrda olan aktyorlarla bizim iş metodumuz arasında çox fərq var. Amma buna baxmayaraq, çalışdıq ki, bu, nəticəyə mane olmasın. Ümumilikdə, aktyorun professionallığı və rola adaptasiyası əsas amildir ki, bu da onlarda var. Mən fərq deyərkən sırf aktyor sərbəstliyini nəzərdə tuturam. Burada aktyorlar, şəxsən mənim quruluş verdiyim trilogiyada rol alan oyunçular əsas etibarilə rejissorun diktəsini icra etməyə çalışırlar ki, bu da sanki fərdi yanaşmanı arxa plana keçirir. Amma mənim rejissor kimi əsas iş prinsipim mətnə, ədəbi materiala əsaslanmaq, baza kimi onu götürməklə aktyordan mətnin tələblərinə uyğun sərbəst manevr tələb etməkdir. Çünki aktyor o obrazı hiss etməsə, belə deyək, onu özündən keçirməsə, yaxşı oyun da alınmaz. Məncə, aktyor sərbəst olmalıdır və yaşanan proseslərə, ona tamaşa edənlərə reaksiya verə bilməlidir”.
Bir aya yaxın məşq etdiklərini deyən rejissor artıq müəyyən uzlaşmaya nail olduqlarını bildirdi. Həmsöhbətim aktyor seçimi barədə də söz açdı: “Trilogiyada oynayacaq personajların arasında 2 nəfər 70 yaşlı qadını tapmaq asan olmadı. Teatrın aktyor truppasında o yaşda oyunçular olmadığından nisbətən cavanlar arasından seçim etdik. 50-60 yaşlı aktrisaları rola təyin etdik və maksimum şəkildə ahıl qadın obrazını ifadə etdirməyə çalışdıq. İki cavan oğlana gəlincə isə, onların da 19-20 yaşlılarını tapmaq və o obrazın yükünü hiss etmələrinə nail olmaq bir qədər çətindir. Buna görə də o rollara da müvafiq yaşdan bir az böyük olan aktyorları təyin etdik. Çünki o yaşda ya aktyor yoxdur, ya da rola uyğunluqları azdır. Ümumilikdə, aktyor seçimimdə mən bir az müşahidə prinsipinə əsaslandım və aktyorların özündə bu rollarda oynamaq həvəsi, istəyi, cəhdi axtarmağa çalışdım. Bilirsiniz, bütün fiziki və oyun keyfiyyətlərindən savayı aktyorun obraza toxunması, onu hiss etməsi vacibdir. Bu olmasa, peşəkarlıq səviyyəsi və istedaddan asılı olmayaraq, o rol uğurlu alına bilməz”.

“Altı saatlıq tamaşanın necə qarşılanacağı məni narahat edir”

Rejissor trilogiyanın hər üç əsərinin üslub və ideya baxımından biri-biri ilə üzvi surətdə bağlı olduğunu və obrazların təqdimatında əsas yükünün məhz aktyorların üzərində düşdüyünü deyərək Azərbaycanda ilk dəfə səhnələşdirilən belə bir tamaşanın izləyicidə yaradacağı təəssürat barədə də təxminlərini söylədi: “Bildiyim qədərilə sizdə belə bir təcrübə olmayıb. Biz bunu nəzərə alaraq hər üç tamaşanın müstəqil yozumunda bitkinliklə yanaşı, növbəti nümunənin həyəcanlı gözləntisini də verməyə çalışmışıq. Əlbəttə ki, bir rejissor olaraq 3 seans və 6 saat sürən tamaşanın necə qarşılanacağı məni narahat edir. Amma bir məqam var ki, bu maraqlı pyeslər tamaşaçılara gözəl, fərqli və ən əsası, səmimi hisslər bəxş edə biləcək. Bu tamaşa yeniliyə baxış və ənənələrə yenidən qayıdışa bənzəyəcək. Biz yeni, fərqli və peşəkar səviyyəli nümunə təqdim edəcəyik. Qoy gəlib baxsınlar və ən azı əsərlə tanış olsunlar. Qəbul edib-etməmək, bəyənib-bəyənməmək artıq sonrakı məsələdir”.
Tamaşalar arasında rabitə yaratmaq üçün əsərdən irəli gələn məqamları qabartmağa, yəni trilogiyadan tamaşaçıya bitkin rəy hasil etməyə çalışdıqlarını deyən Yan Vilyem van den Boş hər tamaşanın özünün ayrıca rejissorunun olmasını da müsbət hal kimi dəyərləndirdi, onlarla iş prinsipindən danışdı: “Mən ayrılıqda bu rejissorların təyinatına sevindim. Adətən qoyduğum tamaşalara sərf etdiyim vaxt çox olur. Amma bu dəfə vaxtıma qənaət üçün bu üsula əl atıldı və nəticə də ürəyimcə oldu. Mən ümumi quruluşu verir və istədiyim modeli irəli sürürəm. Sonra o rejissorlar qurduğum mizana uyğun olaraq aktyorlarla məşq edirlər, parçalar üzərində dönə-dönə işləyirlər”.
Bu günə qədər müxtəlif ölkələrdə tamaşalar hazırlayan qonaq ümumilikdə dünya teatr prosesində baş verən meyllər və onların teatrın imicinə təsirindən də danışdı: “Düşünürəm ki, sizin ölkədə bu mənada bir az fərqli yanaşma var. Dövlət teatrların yaşaması, fəaliyyəti və tanıdılması üçün maksimum işlər görür. Gözəl binalar tikilir, maddi-texniki baza ilə təchiz edilir, yaradıcı heyətlərin peşəkarlığını artırmaq üçün müxtəlif layihələr, beynəlxalq tədbirlər keçirilir. Amma buna baxmayaraq, cəmiyyət teatra hələ böyük maraq göstərmir. Bunu müşahidələrimə əsasən deyirəm. Özü də bu proses təkcə sizin ölkədə deyil. Bu gün dünyada informasiya və əyləncə vasitələrinə maraq, onların lokal şəbəkəsi teatrı bir az arxa plana keçirib”.

Tamaşada kino tipli elementlərə də üstünlük verilir

Tamaşanın quruluşçu rəssamı, Böyük Britaniyada tanınan tərtibatçı rəssam Liza Kuk isə Azərbaycan teatrı barədə elə də dərin informasiyaya malik olmadığını desə də, ölkəmizdəki teatr modelinin, xüsusən dövlət teatrları anlayışının onda xüsusi maraq oyatdığını bildirdi. Azərbaycan teatr-tamaşa modelində daha çox quruluşçu rəssamın fantaziyasına əsaslandığını, sırf tamaşa tipli nümunələrə üstünlük verildiyini müşahidə etdiyini dedi: “Bizdə isə tamaşada, səhnədə daha çox kino tipli elementlər üstünlük təşkil edir. Tamaşanı real boyalar, maksimum vacib, görünən detallarla təqdim etməklə tamaşaçının diqqətini sırf aktyor oyununa kökləməyə çalışırıq. Səhnədə təbiət elementləri, real təsvirləri, çevrədəki canlı, insanla üzvi surətdə bağlılıq yarada bilən məqamları qabardırıq. Amma bu, kütləvi deyil və tendensiya olaraq hələ ki, yeni tətbiq olunmaqdadır. Sadəcə bir rəssam olaraq bu meyl mənim işlərimdə ağırlıq təşkil edir. Belə olan təqdirdə məndən Azərbaycan tamaşaçılarında fərqli düşüncə yarada biləcək yeni nələri tətbiq edəcəyimi soruşsanız deməliyəm ki, burada sadəcə əsərdən çıxış etməklə təbii tərtibatı qabartmağa çalışaraq, onlara adət etdiklərindən tam qopmuş bir element göstərməyəcəyik. Bu tamaşada hər şey tam sadə, belə deyək, evimizdəki boyalarla veriləcək. Adi döşəmə-səhnə, onun üzərində müxtəlif hadisələr cərəyan edir. Kimi sobada nə isə bişirir, kimisi ev işlərini görür, bir başqası yastığını qucaqlayıb düşünür. Yəni bir-birini əvəzləyən bu tərtibatda hər şey real, kino effektində təqdim olunur. Biz burada daha çox üç ölçülü obyektlərdən istifadə etməyə çalışacağıq. Burada əsas məqsəd quruluşçu rəssamın tətbiq etdiyi hər bir detalın maksimum vacibliyini onun aktyorla mütəmadi təmasında əsaslandıra bilməkdir. Yəni bir əşya sadəcə səhnədə köməkçi vasitə kimi qoyularsa, o həm aktyora manevrlərdə mane olar, həm də tamaşaçının diqqətini lazımsız bir detala yönəldər. Əsas meyar kontekstdən çıxış edərək rəssam işinin önəmli tərəflərini götürməklə onları yeni quruluşla təqdim etməkdir”.
Xatırladaq ki, tamaşanın işıq üzrə rəssamı (Maykl Manyon) da Böyük Britaniyadan dəvət olunub. Onlarla yanaşı, səhnə əsərinin ərsəyə gəlməsində rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov iştirak edir.
Əsas rolları «Konnemarada bir kəllə»də Qurban İsmayılov, Naibə Allahverdiyeva, Manaf Dadaşov və Vüqar Məmmədəliyev, «Lineynin gözəllik kraliçası»nda Zülfiyyə Alhüseynova, Şəfəq Əliyeva, Elşən Rüstəmov və Eşqin Quliyev, «Yalqız Qərb»də isə Nigar Məmmədova, Anar Səfiyev, Vüsal Mehrəliyev və Rasim Cəfərov ifa edirlər.
Trilogiyanın premyerası martın 11-də saat 12, 16 və 19-da Azərbaycan Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Azərbaycan dilində hazırlanan tamaşalar teatrın repertuarına daxil edilərək nümayiş olunacaq.

Həmidə Nizamiqızı