İstanbul Bələdiyyə Teatrlarının ən nüfuzlu Muhsin Ertuğrul səhnəsində Azərbaycanın Xalq yazıçısı Elçinin “Şekspir” əsərinin tamaşası göstərilib.
Müəllifin Türkiyənin mədəni həyatında hadisəyə çevrilən “Ulduzlar altında ölüm” (“Qatil”) əsərinin tamaşasından və “Mahmud və Məryəm” filminin premyerasından sonra daha bir əsərinin səhnələşdirilməsi böyük əks-səda doğurub.
Tamaşanı Xalq yazıçısı Elçin, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, İstanbul valisi Hüseyn Avni Mutlu, diplomatlarımız, qardaş ölkənin ictimai xadimləri, sənət adamları izləyiblər.
İstanbul Bələdiyyə Teatrlarının müdiri Hilmi Zafer Şahin jurnalistlərə açıqlamasında bildirib ki, “Şekspir” pyesinin tamaşasına Bakıda rejissor Bəhram Osmanovun quruluşunda baxdıqdan sonra bu maraqlı əsəri Türkiyədə səhnələşdirmək qərarına gəlib: “Teatrın bədii şurası əsəri repertuara daxil etdikdən sonra gərgin səylərimiz nəticəsində belə gözəl tamaşanı ərsəyə gətirdik”.
Tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova dörd il əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrının Muhsin Ertuğrul səhnəsində böyük uğurla göstərilən “Qatil” tamaşasına da quruluş verib. O həmçinin İstanbul teatrlarında Xalq yazıçısı Anarın “Təhminə və Zaur”, Xalq şairi Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərlərini səhnələşdirib. Məlahət Abbasova qeyd edib ki, bəşəri ideyalar daşıyan, insanlığın əzəli və əbədi problemlərinə toxunan “Şekspir” tamaşasının bu sırada xüsusi yeri var.
Türkiyənin tanınmış dramaturqu Tuncer Cücenoğlu Xalq yazıçısı Elçini on beş ildir tanıdığını, onun hər əsərinin Türkiyədə səhnələşdirilməsinin mədəni həyatda əlamətdar hadisə olduğunu deyib. Özünün də pyeslərinin Azərbaycanda səhnələşdirildiyini qeyd edən türkiyəli yazıçı vurğulayıb ki, iki qardaş ölkə dramaturqlarının əsərlərinin təbliği xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlığının bir örnəyidir. Artıq Türkiyə teatrsevərləri Elçini öz dramaturqları kimi tanıyır və sevirlər.
Türkiyənin tanınmış aktrisası Suna Keskin də böyük həvəslə tamaşa etdiyi bu əsərdə təqdim olunan bəşəri mövzuların hər bir insanı ömür boyu düşündürdüyünü söyləyib. Onun sözlərinə görə, sənətçi üçün tamaşaçını düşündürən rolu oynamaq olduqca maraqlıdır. Bu tamaşada belə rollar çoxdur və türkiyəli aktyorlar azərbaycanlı dramaturqun düşüncələrini tamaşaçıya məharətlə çatdırıblar.
Türkiyənin tanınmış səhnə ustaları - Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ və digərlərinin əsərə və ifalarına yaradıcı münasibətləri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin fəlsəfi-psixoloji missiyasını gözəl şəkildə tamamlayıb.
Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar” və yad planetli adlandırılan ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən və millətlərdən olan insanları düşündürən məsələlərdir. Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı mistik musiqi səhnə əsərini daha baxımlı edib.
Qeyd edək ki, “Şekspir” tamaşası İstanbul Bələdiyyə Teatrlarının Üsküdar və Ümraniye səhnələrində də göstərilib. Tamaşanın aprel-may aylarında Bakıda da nümayiş etdirilməsi planlaşdırılır.