Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi, “British Council” (Britaniya Şurası) təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi olan “Teatr əməkdaşlığı” çərçivəsində ingilis dramaturqu Martin MakDonaxın pyesi əsasında "Lineyn trilogiyası" tamaşası hazırlanır. Trilogiya üç pyesi - "Lineynin gözəllik kraliçası", "Konnemarada bir kəllə" və "Yalqız Qərb" əsərlərini birləşdirir.

Martın 3-də bununla bağlı Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirildi. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov üç ilə yaxın davam edən “Teatr əməkdaşlığı” layihəsi haqqında məlumat verdi, bir gündə üç seansda təqdim olunacaq tamaşanın özəlliklərindən danışdı. Bildirdi ki, bu, Azərbaycan teatrı üçün yenilikdir.
“British Council”un nümayəndəsi Elizabet Uayt ayrı-ayrı vaxtlarda Gənc Tamaşaçılar Teatrında səhnəarxası heyət, eləcə də gənc aktyor, rejissor və dramaturqlara keçirilmiş təlimlərin bu tamaşanın maraqlı alınmasında rolundan bəhs etdi.
Tamaşanın quruluşçu rejissoru Yan Uilem Van Den Boş səhnə əsərinin məziyyətləri, obrazların dili və digər nüanslar haqqında məlumat verdi. Mətbuat konfransında tamaşanın quruluşçu rəssamı Liza Kuk, rejissorlar və aktyorlar da iştirak edirdilər. Qeyd edək ki, trilogiyanın premyerası martın 11-də keçiriləcək.

H.Nizamiqızı