Fevralın 28-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əhməd Orucoğlunun “Mehriban ailə” komediyası əsasında hazırlanmış “Açarını itirmişlər” tamaşasının premyerası olub.
İslam Həsənovun quruluş verdiyi səhnə əsərində cəmiyyətin inkişafına mane olan neqativ xüsusiyyətlər bir ailənin düşdüyü komik vəziyyətlər fonunda saf-çürük edilir.
Tamaşada hadisələr iki personajın iştirakı ilə təqdim olunur. Böyük şəhərdə yaşayan Musa ilə arvadı Gülərin elə ilk dialoqlarından başa düşülür ki, onlar toy-düyün məclislərindən zinhara gəliblər. Elə indinin özündə də ərlə arvad daha kiminsə toy məclisindən qayıdıblar. Tərslikdən mənzillərinin açarları it-bat düşdüyündən cütlük vaxtını küçədə keçirməli olur.
Əsas hadisələr də məhz bundan sonra inkişaf etməyə başlayır. Elmlər namizədi olan Musanın fərasətsizliyi, bacarıqsızlığı, qayınanası tərəfindən əyyaş kimi tanınması onun heç də bütöv adam olmadığına dəlalət edir. Eyni xüsusiyyətlər Musanın arvadı Gülərdə də müşahidə olunur. Sən demə, tamaşanın qəhrəmanları təkcə mənzillərinin açarlarını itirməyiblər...
Əsər tamaşaçılarda gülüş oyatmaqla bərabər, həm də onları düşünüb-daşınmağa, izlədikləri hadisələrdən nəticə çıxarmağa sövq edir.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları teatrın aparıcı artistləri Qızılgül Quliyeva və Əlibala Əsgərov ifa edirlər.
Ağaddin Babayev