Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi aprelin 6-dan 14-dək Rusiya Federasiyasında qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən bildiriblər ki, Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram teatrlarını əhatə edən qastrol çərçivəsində yaradıcı kollektiv 3 tamaşa nümayiş etdirib.
Həştərxan teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış “Qırmızı papaq” tamaşasının nümayişi məktəblilər, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Yerli teatr ictimaiyyəti və tamaşaçılar peşəkar aktyor oyununu və istedadlı rejissor işini yüksək qiymətləndiriblər.
Uğurla keçən qastrol səfərinin bağlanış mərasimində Həştərxan Vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafında xidmətlərinə görə təşəkkür edib. Həştərxan vilayəti mədəniyyət nazirinin Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub.
Səfər çərçivəsində ADGTT-nin kollektivi Kalmıkiya Respublikasının Elista şəhərindəki B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın “Qırmızı papaq”, Avstriya dramaturqu Peter Türrininin “Axır ki...” və Rövşən Ağayevin “Bir gecənin nağılı” tamaşalarını nümayiş etdirib.
Uğurla keçən qastrolun yekun mərasimində Kalmıkiya Respublikasının rəhbəri Aleksey Orlovun sərəncamı oxunub. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüblər.
Kalmıkiya Respublikası mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, əməkdar artistlər Almaz Mustafayevaya, Qurban İsmayılova, aktyor İlham Əsədova və baş redaktor Səriyyə İsmayılovaya fəxri fərmanlar təqdim edib.
Elista Şəhər Administrasiyası rəhbərinin müavini Qalina Vaskina və şəhər administrasiyasının təhsil şöbəsinin müdiri İste Muşayev çıxış edərək təşəkkür məktublarını təqdim ediblər.
Teatrın rejissoru Gülnar Hacıyeva və aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova və Vüsal Mehrəliyev teatrlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsində töhfələrinə görə Kalmıkiya Teatr Xadimləri İttifaqının fəxri fərmanları ilə təltif olunublar.
Kalmıkiya Respublikası hökuməti başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, azərbaycanlı diaspor təşkilatının sədri Sabir Quliyev teatrın baş redaktoru Səriyyə İsmayılovaya (“Qızıl rəhbər”) fəxri fərman, teatrın rəhbərliyinə hədiyyələr təqdim edib.
Tədbirdə B.Basanqov adına Dram Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Qalina Şurayeva və bədii rəhbər, Rusiyanın Əməkdar incəsənət xadimi Boris Mandjiyev ADGTT-nin təqdim etdiyi maraqlı tamaşalara görə teatrın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını ifadə ediblər.
Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və baş rejissor Bəhram Osmanov çıxış edərək göstərilən səmimi münasibətə görə minnətdarlıqlarını bildirib, Rusiya və Azərbaycan teatrları arasındakı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyinə əmin olduqlarını vurğulayıblar.