Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə 20-23 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində I Dünyası Gənclik Forumu keçirilib.
Əl-Fərabi Qazax Milli Universitetinin ev sahibliyi etdiyi tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədilə gerçəkləşib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 nəfər istedadlı gənc tədbirdə ölkəmizi təmsil edib.
20 ölkədən 250 yaradıcı gəncin qatıldığı forum çərçivəsində iştirakçılar Türk dünyasının mədəni irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər. Gənclərimiz ortaq problemlərin həlli və birgə layihələrin reallaşdırılması istiqamətində təkliflər irəli sürüb, gənclər arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əməkdaşlıq imkanlarını araşdırıblar.
Azərbaycan nümayəndə heyəti tədbir zamanı ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.