“Dədə Qorqud” Konyada türkdilli ölkələrin teatrlarını bir araya gətirəcək
Mayın 4-dən 14-dək Türkiyənin Konya şəhərində VII “Min nəfəs - bir səs” Beynəlxalq Türkdilli Teatrlar Festivalı keçiriləcək. Festival Türkiyə Dövlət Teatrları Baş Müdirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə baş tutacaq.
Builki festivalın əlamətdar xüsusiyyəti ondadır ki, proqrama “Dədə Qorqud” dastanının boylarından bəhs edən tamaşalar daxil edilib. Onu da qeyd edək ki, bu layihə barədə qərar TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri birliyinin keçən ilin iyun ayında Bakıda keçirilən 2-ci iclasında Azərbaycan tərəfinin təklifi ilə qəbul olunub. Qərara əsasən hər il festivalda “Kitabi-Dədə Qorqud” boyları ilə bağlı 3-4 ölkə tamaşalarını nümayiş etdirəcək.
Bu il festivalda Qazaxıstandan S.Seyfullin adına Karaqanda Dram Teatrı “Qazan bəyin oğlu Uruz bəyin əsir olduğu boy” (6 may), Moldovadan D.Tanasoğlu adına Qaqauz Milli Teatrı “Bəkil bəyin oğlu Emran boyu” (9 may) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı isə dastanın “Dirsə xan oğlu Buğac bəy boyu” əsasında hazırlanmış “İlahi oyun” (10 may) tamaşaları ilə çıxış edəcəklər.
Adıçəkilən ölkələrdən əlavə, festivalda Ankara Dövlət Teatrı, İraq-Kərkük Milli Türkmən Teatrı, Konya Dövlət Teatrı, Dağıstanın A.Salavatov adına Kumuk Dövlət Musiqi Dram Teatrı, Kabardin-Balkar Respublikasından K.Kuliyev adına Balkar Dövlət Dram Teatrı və qonaq qismində Hollandiyadan Nilgün Teatrı öz rəngarəng tamaşaları ilə teatrsevərlərin görüşünə gələcəklər.
M.Sultanova