Türkiyənin Adana şəhərində Sabançı Beynəlxalq Adana Teatr Festivalı keçirilir.
Sabançı Vəqfinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Teatrları Baş Müdirliyinin təşəbbüsü ilə keçirilən festival nəinki Türkiyədə, eləcə də dünya teatr məkanında nüfuzlu festivallardandır. Bu il 15 yaşını qeyd edən festivala indiyədək 38 ölkədən teatr kollektivləri qatılıb.
14 aprel - 16 may tarixlərində gerçəkləşən festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi təmsil edib. Teatrın mətbuat xidmətindən bildiriblər ki, kollektiv mayın 1-2-də M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında hazırlanmış tamaşanı təqdim edib. Hacı Ömər Sabançı Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri tamaşaçılar, eləcə də mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Mərhum Vaqif İbrahimoğlunun quruluş verdiyi tamaşanın rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Rəşid Şerif, bəstəkarı Siyavuş Kərimidir.
Tamaşadan sonra çıxış edən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dəvətə və isti münasibətə görə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Teatrları Baş Müdirliyinə və Sabançı Vəqfinə minnətdarlığını bildirib.
Səfər çərçivəsində İsrafil İsrafilov Türkiyə Dövlət Teatrları baş müdiri Mustafa Kurtla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri, o cümlədən Türkdilli Dövlətlərin Teatr Rəhbərləri Şurasının fəaliyyəti müzakirə olunub.