Qazaxıstanın paytaxtı Astanada görkəmli qazax bəstəkarı, SSRİ Xalq artisti, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası keçirilib.
Premyerada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Abay adına Qazaxıstan Dövlət Opera Teatrının solistləri və dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Astana Filarmonik Orkestri və xoru iştirak ediblər. Bəstəkar E.Raxmadiyevin vəfatının ildönümünə həsr olunmuş tədbir TÜRKSOY-un təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Astana Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Opera və Balet Teatrının dəstəyi ilə gerçəkləşib.
Türk dünyasının möhtəşəm eposlarından olan “Alpamıs” dastanı əsasında yazılmış operada İlahə Əfəndiyeva (Gülbarşın), Fəridə Məmmədova (Mıstan), Fərid Əliyev (Karaman), Səbinə Vahabzadə (Ana torpaq), Tələt Hüseynov (Tayşik xan), Tural Ağasiyev (Keykuat), Anton Ferştant (Alpamıs) və Qazaxıstanın Xalq artisti, tanınmış opera müğənnisi Gülzat Dauırbayevanın (Karağöz) təsirli ifaları dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Konsert bitdikdən sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın mədəniyyət nazirinin müavini Askar Buribayev və Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov səhnəyə çıxaraq yaradıcı heyəti təbrik ediblər. Dirijora və solistlərə TÜRKSOY-un yubiley medalı təqdim olunub.
Bəstəkarın xanımı Klara Raxmadiyeva müəllifin ailəsi adından ifaçılara minnətdarlığını bildirib. Qeyd edək ki, “Alpamıs” operası ilk dəfə 2013-cü ilin mayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunub.