Bu günlərdə özünün növbəti ad gününü qeyd edən Bakı Uşaq Teatrı tamaşaçılarını yeni səhnə nümunəsi ilə sevindirdi. Kollektiv mayın 19-da Gənc Tamaşaçılar Teatrında Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırladığı “Günahsız günahkarlar” adlı tamaşa ilə çıxış etdi.

Nümayişdən əvvəl çıxış edənlər səhnə əsərinin müasir dövrün qlobal problemlərindən olan insan alverindən bəhs etdiyini və maarifləndirici xarakter daşıdığını bildirdilər. Vurğulandı ki, bu, Bakı Uşaq Teatrı ilə nazirliyin ilk layihəsi deyil. Bundan öncə hazırlanan “Həyatla oyun” (narkomaniyanın fəsadları haqqında) tamaşası təhsil ocaqlarında və bölgələrdə böyük marağa səbəb olub.
Sonra “Günahsız günahkarlar” tamaşası nümayiş olundu. Səhnə əsəri gənclər arasında populyar olan “Mafiya” oyunu üzərində qurulub. Oyunun aparıcısı Qızılgül həm də kafenin sahibidir. Tamaşa boyu hadisələr oyun içərisində cərəyan edir. Oyunda uduzan Qurban həyatda da mafiyanın toruna düşür. “Yaxşı iş” adıyla xaricə aparılaraq, pulsuz-parasız, ağır işlərdə işlədilir, sənədləri əlindən alınır. Oyundan ikinci çıxarılan Songül də mafiyanın əli ilə xaricə aparılaraq insan alverinin qurbanına çevrilir. Şikar isə orqan transplantasiyasının qurbanı olur. Əsərdə insan alverinə qarşı mübarizə ön plana çəkilir.
Arzu Soltanın müəllifi olduğu tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Həmidə