Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli kinorejissor, Xalq artisti, Prezident təqaüdçüsü, professor Tofiq İsmayılov uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il martın 25-də dünyasını dəyişmişdir.
Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakıda anadan olmuşdur. Teatr İnstitutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır. Sənət fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyor kimi başlamışdır.
1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor vəzifəsində işləmişdir. O, milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur.
1971-ci ildən M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışmış, kafedraya rəhbərlik etmişdir. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbul Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmətlər göstərmiş, Azərbaycan ədəbiyyatı və incəsənətini Türkiyədə təbliğ etmək üçün çox iş görmüş, teatr və kino festivallarının, ədəbiyyat günlərinin, təqdimatların təşkilatçısı olmuşdur. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.
Tofiq İsmayılov 25 il davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışmışdır. Bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunmuş filmləri qeyd etmək olar. O, “Türk xalqlarının kino tarixi” üçcildliyinin, onlarla elmi-publisistik məqalənin, uşaqlar üçün pyeslərin, hekayələrin müəllifidir. Əsərləri xarici dillərdə nəşr olunmuşdur.
Tanınmış rejissor, təcrübəli pedaqoq və səmimi insan Tofiq Hüseyn oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası