AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “Bakının teatr həyatı” adlı kataloqda paytaxtın teatr mühiti haqqında dolğun məlumatlar yer alıb.
Kataloqda muzeyin fondlarında qorunan və Azərbaycanın teatr tarixinə, Bakıda fəaliyyət göstərmiş teatrlara dair nadir eksponatlar öz əksini tapıb.
Prezident İlham Əliyevin “Azərbaycan milli teatrının yaradılmasının 140 illiyi haqqında” 1 mart 2013-cü il tarixli sərəncamının icrası ilə bağlı hazırlanan kataloq “Ziya” nəşriyyatında işıq üzü görüb. Nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, mətnin müəllifləri Nailə Vəlixanlı və Zərifə Dulayevadır.
Nəşrdə maraqlı repertuarı ilə tamaşaçıları sevindirən Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, eləcə də müstəqillik illərində əsası qoyulan Bakı Bələdiyyə Teatrı, “Planet Parni iz Baku - KVN” teatrının fəaliyyətinə dair materiallar təqdim olunur.
Qeyd edək ki, muzeyin kolleksiyaları ildən-ilə Bakı teatrlarına məxsus sənədli və maddi materiallarla daha da zənginləşir. Daim istifadədə olan eksponatlar neçə-neçə tamaşaçı nəslini maarifləndirən və mənən zənginləşdirən çoxsaylı ekspozisiya və sərgilərin əsasını təşkil edir, milli teatr sənətinin inkişafının və nailiyyətlərinin təbliğinə geniş şərait yaradır. Hazırda muzeyin fondlarında qorunan müxtəlif fotoşəkillər, afişa və proqramlar milli teatrın yaradılmasında iştirak edən məşhur səhnə xadimləri ilə yanaşı, adları bu gün çağdaş oxucu və tamaşaçıya az məlum olan sənətkarların ömür və sənət yolunu yaşatmaqdadır. Kataloq fotoşəkillər, maraqlı sənədlərlə zəngindir.
L.Azəri