İyunun 2-də Moskva vilayətinin Zveniqorod şəhərində Lyubov Orlova adına Mədəniyyət mərkəzində Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının VIII “Beynəlxalq yay teatr məktəbi” açılıb.
27 ölkədən gənc aktyorların dəvət aldığı yay məktəbində Azərbaycanı Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Tural Mustafayev təmsil edir. Açılışdan əvvəl keçirilən mətbuat konfransında məktəbin bədii rəhbəri, Rusiyanın Xalq artisti Aleksandr Kalyagin çıxış edərək layihənin əhəmiyyətindən danışıb.
Rejissor Tural Mustafayev AzərTAc-ın müxbiri ilə söhbətində deyib ki, yay məktəbi Rusiya teatrının adlı-sanlı xadimləri ilə görüşmək, yaradıcılıq eksperimentlərində və aparıcı rejissorların layihələrində iştirak etmək, təcrübə mübadiləsi aparmaq, o cümlədən Azərbaycanın teatr həyatı barədə söhbət açmaq üçün mühüm fürsətdir. Gənc rejissor rusiyalı həmkarları ilə əvvəllər də dəfələrlə görüşüb, A.P.Çexov adına beynəlxalq teatr festivalı çərçivəsində “MDB ölkələrinin gənc rejissorları laboratoriyası” layihəsində iştirak edib.
“Beynəlxalq yay teatr məktəbi” layihəsində ötən illər ərzində MDB, Baltikyanı, Şərqi və Qərbi Avropa, Asiya, Afrika və Amerikanın 40-dan çox ölkəsindən 700 aktyor təlim keçib.
Bu il yay məktəbində Sergey Bezrukov, Yevgeni Steblov, Sergey Jenovaç, Adolf Şapiro və Yana Mayzel kimi tanınmış simalar ustad dərsləri keçəcəklər.