Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” adlı yeni tamaşanın məşqləri gedir. Teatrın mətbuat xidmətindən bildiriblər ki, Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Rejissor bildirib ki, pyes ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq, müasir günümüz üçün də aktualdır. Əsərin motivində bir ailənin vəzifə, pul naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etmələri dayanır. Yalnız sonda bütün qara oyunlar üzə çıxır və qəhrəmanın dilindən tamaşaçıya “Mən doğru həyat yaşayırammı?” mesajı verilir.
Komediya janrında hazırlanan tamaşada əsas rolları Xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Əliyev, Ələkbər Əliyev ifa edirlər. Tamaşada aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev də rol alıb.