İctimai birlik mədəniyyət ocaqlarına təşəkkür edir
“İnayət” Əlillərə Yardım Assosiasiyası səhhəti müəyyən dərəcədə problemli uşaqların valideynləri tərəfindən təsis olunub. İctimai birliyin əsas məramı fiziki və zehni cəhətdən qüsurlu insanlara hüquqi, tibbi, sosial istiqamətlərdə yardım göstərməkdir. Layihələr hökumət, qeyri-hökumət və biznes strukturlarının köməyi ilə həyata keçirilir.
Bu qəbildən uşaqların doğma ocaqda qayğı ilə əhatələnməsi, cəmiyyətə inteqrasiyası daim dövlətimizin diqqət mərkəzindədir, müvafiq sosial proqramlar reallaşdırılır. Valideynlər həmin imkanlardan istifadə edərək uşaqlarını müxtəlif peşələrə yönəltməyə çalışırlar. Uşaqlar rəsm, tətbiqi sənət, foto və sair sənət növləri ilə məşğul olurlar ki, bu da onların komplekslərinin, sıxıntılarının qismən də olsa aradan qalxmasına yardım göstərir.
İctimai birliyin üzvlərinə kömək məqsədilə onların əl işlərindən ibarət satış-sərgilər də keçirilir. Bu, sənətdə özünü tapmış uşaqların cəmiyyətə inteqrasiyasını stimullaşdırır. Xüsusən rəsm həvəskarları çox fəaldırlar, onların əl işləri T.İsmayılov adına Uşaq Rəsm Qalereyasında, Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, “Park Bulvar”da və digər məkanlarda nümayiş etdirilərək maraqla qarşılanıb, müxtəlif mükafatlara layiq görülüb.
Bir çoxlarının görmədiyi, fikir vermədiyi gözəlliklərə onlar laqeyd deyillər. Çünki təbiətin bütün varlıqlarının gözəlliklərinə inanırlar. Sərgilərdəki işlərdə də bunu görmək mümkündür.
Artıq uzun illərin dostluğu bu qəbildən olan ailələri bir-birinə yaxınlaşdırıb. Mədəniyyət ocaqları da onları heç vaxt unutmur. Teatrlarda oynanılan səhnə əsərlərinə, konsertlərə, Bakı Dövlət Sirkinin proqramlarına dəvətlər, möhtəşəm Heydər Əliyev Sarayındakı tədbirlərdə keçirdikləri hər an azyaşlıların qəlbini sevinclə doldurur. Tez-tez ünsiyyət qurmaq onları özünəqapanmadan xilas edir.
İctimai birlik sağlamlığında problemlər olan uşaqların cəmiyyətə inteqrasiyasında köməyini əsirgəməyən bütün mədəniyyət müəssisələrinə dərin minnətdarlığını bildirir.