Azərbaycan Teatr Xadimləri İttifaqının XIII konfransı keçirildi

İyunun 23-də “Four Seasons” hotelində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransı keçirildi. Tədbirdə əvvəlcə dünyasını dəyişmiş ittifaq üzvlərinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransda hesabat məruzəsi ilə çıxış edən ittifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov milli teatr prosesində ATXİ-nin rolu və son beş ildə görülən işlər haqqında məlumat verdi, dövlətin bu sahəyə diqqət və qayğısından danışdı: “Qurum fəaliyyəti boyu dövlətimiz tərəfindən hər zaman dəstəklənmiş, milli teatr sənətinin inkişafı ilə bağlı təkliflərimizə diqqətlə yanaşılmışdır. Milli mədəniyyətimizin tərəqqisi və inkişafı naminə görülən işlər, layihələr çərçivəsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri vardır. “ÜNS” yaradıcılıq səhnəsində keçirilən tədbirlər teatr sənətimizə təkan verən mühüm addımlardandır”.
Mədəniyyət və Turizm Nazirliyinin ATXİ-nin fəaliyyətinə daim dəstək verdiyini bildirən ittifaq sədri nazirliklə sıx əməkdaşlıq edərək dövlət proqramlarından, qanun və sərəncamlardan irəli gələn vəzifələrin icra edildiyini dedi. Qeyd olundu ki, ittifaq hesabat dövrü ərzində milli teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri, elm və təhsil ocaqları ilə əməkdaşlıq, beynəlxalq əlaqələr, gənclərlə iş, yubiley və xatirə gecələrinin keçirilməsi, nəşriyyat işi və s. sahələrdə işlər görmüşdür. Bu sırada “Musiqi dünyası” jurnalının yaradıcı heyətinin səyləri sayəsində ərsəyə gələn www.teatrittifaqi.az saytının yaradılması xüsusi qeyd olunmalıdır. İttifaq beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmiş, teatr konqres və simpoziumlarında iştirak etmişdir.
Gənclərlə iş sahəsində də əhəmiyyətli işlər görülmüş, gənc dramaturqların “Axundov dərsləri” adlı laboratoriyası açılmışdır. Həmçinin “2+1” adlı eksperimental teatr festivalları, Bakı Uşaq Teatrının təşəbbüsü və ittifaqın təşkilati dəstəyi ilə Beynəlxalq Teatr Gününə həsr olunmuş festival təşkil olunmuşdur. Son illərdə ittifaqa qəbul olunmuş üzvlərin əksəriyyətini gənclər təşkil edir. Eyni zamanda ATXİ bölgə teatrları ilə əlaqələrin genişləndirilməsi üçün regionlarda elmi-praktik konfransların keçirilməsini planlaşdırır.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq əldə olunan nailiyyətlərdən, problemlərdən və qarşıda duran vəzifələrdən danışdı. Bildirildi ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi olmuş ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əbülfəs Qarayev dövlət başçısının təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental sənədlərin qəbul olunduğunu diqqətə çatdırdı: “Bu sırada 2006-cı ildə qəbul edilmiş “Teatr və teatr fəaliyyəti haqqında” qanunu xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il tarixli sərəncamı, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu sahənin inkişafı istiqamətində atılan mühüm addımlardır”.
Nazir son illərdə ölkə teatrlarında hazırlanan tamaşalardan, teatrların binalarında aparılan yüksək səviyyəli təmir-bərpa və yenidənqurma işlərindən söz açaraq dövlət başçısının müvafiq sərəncamları ilə sənət adamlarına fəxri adların verildiyini, onların mənzil və digər sosial problemlərinin həll edildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, ötən illər ərzində respublika teatrları 20-dən artıq ölkədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil etmişlər.
Eyni zamanda xarici dövlətlərdən tanınmış rejissorlar, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunmuşdur: “Teatrlar da yaradılan şəraitdən, texniki bazanın imkanlarından yetərincə istifadə edərək Azərbaycan tamaşaçısına günün reallıqları ilə səsləşən tamaşalar təqdim etməlidirlər. Təəssüf ki, bəzən biz bunun əksi ilə qarşılaşmalı oluruq. Elə bu səbəbdən də teatr tənqidi sahəsində müəyyən addımların atılması labüddür və bu sahədə inkişafa ehtiyac var”.
Əbülfəs Qarayev konfransın işinə uğurlar arzuladı, ATXİ-nin bundan sonra da Azərbaycan teatrının inkişafına töhfələr verəcəyinə inamını ifadə etdi.
Fasilədən sonra ATXİ-nin təftiş və mandat komissiyalarının hesabatları dinlənildi. Xalq artistləri Afaq Bəşirqızı, Hacı İsmayılov, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə və başqaları çıxış edərək ATXİ-nin fəaliyyətini yüksək qiymətləndirdilər. E.Qasımzadə Azər Paşa Nemətova Azərbaycan Memarlar İttifaqının idarə heyəti adından fəxri fərman təqdim etdi.
Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının prezidenti Valeri Şadrin Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi.
Günün ikinci yarısında işini davam etdirən konfransda təşkilati məsələlərə baxıldı. Xalq artisti Azər Paşa Nemətov açıq səsvermə yolu ilə yenidən ATXİ-nin sədri seçildi. Həmçinin qurumun təftiş komissiyasının və idarə heyətinin tərkibi müəyyənləşdirildi. Sonda konfrans iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxundu.

Lalə Azəri