“Birjan və Sara” qazax operasının tamaşası haqqında təəssürat

Türkdilli xalqların mədəniyyətlərini geniş şəkildə təbliğ edən beynəlxalq TÜRKSOY təşkilatı keçən il özünün 20 illiyini təntənə ilə qeyd etdi. Təşkilatın keçirdiyi mədəniyyət tədbirləri əhatə dairəsinə, məzmun tutumuna və məqsəd aydınlığına görə həmişə diqqəti cəlb edir. Həmin tədbirlərin bir qismi sırf Azərbaycan mədəniyyətinin uğurlarının təbliğinə həsr edilib. Bu istiqamətdə layihələr ildən-ilə daha geniş şəkildə həyata keçirilir. Bu işdə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinovun xidmətlərini və fədakarlığını xüsusi qeyd etmək lazımdır.

TÜRKSOY 2013-cü ili “Mukan Tölebayev ili” elan edib. Mukan Tölebayev (13.3.1913 - 2.4.1960) peşəkar qazax musiqisinin banisi sayılır. O, Almatı Pedaqoji İnstitutunda, Moskva Dövlət Konservatoriyası nəzdindəki qazax opera studiyasında təhsil alıb. Musiqinin müxtəlif janrlarında əsərləri var. Şah əsəri «Birjan və Sara» sayılır və bu opera qazax musiqisinin incisidir. Operanın libretto müəllifi Kazım Jumaliyevdir. Mukan Tölebayev SSRİ Xalq artisti idi, «Birjan və «Sara» operasına görə Stalin mükafatına layiq görülüb.
Klassik qazax bəstəkarının anadan olmasının yüz illiyi münasibətilə TÜRKSOY və Samsun Dövlət Opera və Balet Teatrı bu operanı tamaşaya hazırlayıb. Tamaşanın quruluşçu rejissoru soydaşımız, Əməkdar incəsənət xadimi, professor Əflatun Nemətzadədir. Dirijorluğu Tolqa Taviş edir. Monumental səpkidə hazırlanmış tamaşanın tərtibat rəssamı Erlan Tuyakov, geyim rəssamı Esengəldi Tuyakov, xorbaşı Mixail İskrov, xoreoqraf Tursunbəy Nurkaliyev, işıq mühəndisi Murad Yılmazdır.
«Birjan və Sara» operasında azərbaycanlı, türk, qazax, qırğız, özbək, tatar, başqırd sənətçiləri iştirak edirlər. Yüksək sənətkarlıqla hazırlanmış tamaşa 2014-cü ilin iyun ayında keçirilən V Beynəlxalq İstanbul Opera Festivalında göstərilməyə layiq bilinib. Tamaşa festival çərçivəsində İstanbulda (13 iyun), Bursada (16 iyun), Əskişəhərdə (18 iyun) nümayiş etdirilib. Son tamaşa iyunun 20-də Ankarada göstəriləcək. Festivalın səmərəli və yüksək peşəkarlıq səviyyəsində keçməsi üçün Türkiyə Dövlət Opera və Balet Teatrlarının baş müdiri professor Rengim Gökmən və onun məsləkdaşları da xüsusi təşkilatı iş aparmışdılar.
İstanbul Bakırköy bələdiyyəsinin Leyla Gəncər mədəniyyət mərkəzinin möhtəşəm salonunda göstərilən tamaşaya TÜRKSOY-un dəvəti ilə mən də baxdım.
Xatırlatmaq istəyirəm ki, Əflatun Nemətzadə TÜRKSOY-un xətti ilə Üzeyir Hacıbəylinin «Koroğlu» və qazax bəstəkarı Erkəkəli Əhmədiyevin «Alpamıs» operalarına möhtəşəm səhnə quruluşu verib. «Birjan və Sara» operası qazax akın musiqisinin motivləri əsasında, «aytıs» adlanan üslubda bəstələnib. Hadisələrin əsasını tarixi faktlar təşkil edir. Əsərin mövzusunu görkəmli şair və bəstəkar, akın Birjan Kojaqulov ilə məşhur şairə-akın Sara Tastanbəyova arasındakı nakam ilahi məhəbbət təşkil edir. Qəhrəmanların partiya və ariyaları romantik-poetik səpkidə işlənilib. Milli ruhda bəstələnmiş operanın musiqisi cazibədardır, məlahətli və faciə notlu incə lirizmlə yoğurulub.
Əflatun Nemətzadə monumental quruluşlarda xüsusi təcrübə toplamış sənətkardır. Onun Bakıda, Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda, eləcə də Polşada, Yəməndə, Türkiyənin müxtəlif sənət ocaqlarında hazırladığı tamaşalarda musiqi ilə hərəkət plastikasının harmoniyası ahəngdar cazibədarlıqla həll olunub. Digər tərəfdən, Əflatun dahi bəstəkarımız Üzeyir Hacıbəylinin «Arşın mal alan» və «O olmasın, bu olsun» operettalarını dünya səhnələrində canlandıran vətənpərvər sənətkardır.
Klassik «Birjan və Sara» operası kompozisiya qurumu baxımından festivalda nümayiş etdirilən tamaşaların ən kamili, ən rəngarəngi və ən koloritlisi idi. Rejissor forma və məzmun vəhdətini zaman və məkan xronotopunda poetik ülviyyətlə həll edib. Bununla da tamaşanın müasirliyi daha da güclənib və tamaşaçılar əsərin fəlsəfi mahiyyətini idrakla qavrayırlar.
Əflatunun rejissor özünəməxsusluqlarından biri də tamaşaya qoyduğu operalarda hadisələrin dinamik inkişafını, obrazların dramatik mübarizələrinin fəlsəfi dərinliyini, ideyanın məna yükünü aydınlıqla verə bilməsi ilə səciyyəvidir. «Birjan və Sara» operasının quruluşunda da dediyim keyfiyyətlər yüksək sənətkarlıqla özünün bədii-estetik təcəssümünü tapıb. Rejissor operanın quruluşunda bir neçə musiqi epizodunun yerini dəyişməklə və partituranın mayasındakı hərəkət dramatizmini artırmaqla əsərin səhnə həllinə canlılıq və təravət gətirə bilib.
Operanın estetik səhnə həllinin əsas prinsiplərinə görə vokalçılar oxuyacaqları ariya və ya duetləri ifa etməzdən əvvəl hərəkət plastikasında, sifət ifadələrində həmin epizodun mahiyyətini tamaşaçılara çatdırırdılar. Belə yozum səhnənin dramatizmini artırır və epizodu daha anlamlı edirdi. Üstəlik də ifa olunan vokal nömrələrinin mətnlərinin iri həriflərlə səhnə güzgüsünün yuxarısında verilməsi oxu zamanı çətin anlaşan sözləri tamaşaçılara həssaslıqla, aydınlıqla çatdırırdı.
Opera tamaşalarında adətən qəhrəmanların mizanları ön planda, statistik tərzdə verilir. Əflatun Nemətzadə öz quruluşlarında bu kanonları cəsarətlə sındırır. Rejissor «Birjan və Sara» operasında da özünün üslub tərzinə sadiq qalıb. Operada mizanlar yüksək sənətkarlıqla üç planda verilib: öndə, ortada və arxada. Hər üç planda tamaşaçı xoru, baleti, əsas qəhrəmanları və kütləvi səhnələrin iştirakçılarını tam bədiiliklə izləmək imkanı qazanır. Səhnədə «boş» qalan aktyor nəzərə çarpmır, bütün ifaçılar hərəkətdədirlər. İştirakçılar oxunan ariyalara öz hərəkətləri ilə psixoloji münasibət bildirirlər. Nəticədə xarakterlər müxtəlifliyinin rəngarəngliyi artır, hadisələr dramatik vüsət alır, romantik realizmin mahiyyəti daha dərin qatlarda təcəssüm tapır.
Belə yozum təbii ki, tamaşanın enerji nüvəsini tənzimləməklə dinamik inkişaf xəttini dramatizmin canlılığına yönəldir. Nəticədə musiqi, vokal və aktyorluq keyfiyyətləri tamaşanın obrazını daha canlı edir. Bu canlılıqda eşqin ülviyyəti, mənəvi saflığın ucalığı və nakam məhəbbətin faciəsini törədənlərin mənəvi eybəcərlikləri daha parlaq şəkildə, bədii reallıqla görünür.
«Birjan və Sara» operasının İstanbulda nümayiş etdirilən tamaşasında rolları Özər Öndəş (Birjan, tenor), Eda Yıldırım (Birjanın anası, messo soprano), Ənvər Törə (Birjanın atası, bariton), Jupar Qabdullina (Sara, soprano), Barış Yanç (Birjanın dostu Estay, tenor), Asel Bekvayeva (Altunay, Janbotanın qızı, soprano), Çağdaş Dursun (Jienkul bəy, Janbotanın qardaşı, bariton), Özgür Aslan (Vali Jambota, bariton), Gürkan Sezgin (Jambatın cangüdəni Serik, tenor) ifa ediblər. Digər şəhərlərdə göstərilən tamaşalarda ifaçılar dəyişiblər. Nəticədə əzəmətli aktyor-ifaçı ansamblı yaranıb ki, bu da TÜRKSOY-un fəaliyyət məqsədinin əsasını təşkil edir. Həmçinin rejissorun çoxlu ifaçılarla işləmək bacarığının parlaq nümunəsi kimi yadda qalır.
Əflatun Nemətzadə üçün vacib rejissor qənaətlərindən biri də izlənən ideyanın bütöv, anlaşıqlı və bədii-estetik səviyyədə tamaşaçılara çatdırılmasıdır. «Birjan və Sara» tamaşası məhəbbətin ülviyyəti haqqında həzin, kövrək, fəci sonluqla bitən poetik operadır. Eşq aşiqlərini fiziki cəhətdən məhv etmək olar, lakin onların sevgisinin müqəddəsliyinə xələl gətirmək, ona ləkə yaxmaq mümkün deyil.
Opera tamaşalarında adətən klassik tərtibat prinsiplərindən istifadə edilir. Əflatun Nemətzadə bu ənənəyə əsaslanıb. Ancaq və di gəl ki, rejissor üçün daha vacibi səhnə tərtibatında tamaşanın obrazını tapmaq və onun doğurduğu estetik təəssüratın cazibədarlığını axıra kimi saxlamaqdır. «Birjan və Sara» operasının tamaşası bu baxımdan da diqqəti cəlb edir. Rejissorun sənətkarlığının daha bir dəyərli cəhəti ondan ibarətdir ki, o, musiqinin xarakterini bədii tərtibatın rəng harmoniyası ilə uzlaşdırmağa çalışır. Bu baxımdan onun tərtibat rəssamı Erlan Tuyakovla və geyim rəssamı Esengəldi Tuyakovla yaradıcılıq ünsiyyəti uğurlu alınıb.
Tamaşada xor və balet nömrələri öz funksiyasını icra etməklə yanaşı, kütləvi səhnənin içərisində obrazlı şəkildə «əriyib» ümumi kompozisiyaya qovuşur. Belə səhnə yozumu qəhrəmanları və operanın baş mövzusunu daim diqqətdə saxlayır.
Obrazlar üçün seçilmiş səs tembrləri personajların xarakterlərinin açılması üçün müəyyən mənada açar funksiyasını daşıyırdı. Konsertmeyster Didəm Çağmanın, dirijor Tolqa Tavişin və rejissor Əflatun Nemətzadənin müştərək işlərinin incəliyi səhnə surətlərinin daha canlı və ifadəli tərzdə səhnə təqdimi üçün geniş zəmin yaratmışdı. Tamaşanın dirijoru Taviş partituranın canlı və ifadəli səslənməsi üçün cəhdlə çalışıb. Ümumi səslənmədə müxtəlif çalğı alətlərinin harmonik vəhdətinə nail ola bilib.
Bununla belə, tamaşanın ümumi kompozisiyasına cavabdeh olan Əflatun Nemətzadə səslənmədə vəziyyətin psixoloji xarakterinə uyğun olaraq bəzi simli və nəfəs çalğı alətlərinin funksiyalarına əlavə yük vermişdi. Onun bu riski geniş mənada mövzunun ümumi poetik ruhu ilə son dərəcə həssaslıqla uyuşurdu. Lirik-psixoloji səhnələrdə kaman, faqot və qaboyun həzin ritmləri tamaşaçıları daha da duyğulandırırdı...
Hər bir sənət bayramı ilk növbədə mənsub olduğu xalqın mənəvi-əxlaqi dəyərlərini tərənnüm etməsi ilə yadda qalır. TÜRKSOY-un və V Beynəlxalq Opera Festivalı təşkilatçılarının keçirdikləri sənət nümayişinin ümumi ruhu isə bütün türkdilli xalqların sənət bayramına çevrildi.

İlham Rəhimli
İstanbul-Bakı