İstedadlı gənc rejissor İradə Gözəlovanın Rusiyanın İjevsk şəhərində (Udmurtiya Respublikası) gənc rejissorların laboratoriyasında iştirakı və bu müsabiqədə Uilyam Şekspirin “Şıltaq qızın yumşalması” əsərinin tamaşa-eskizi ilə qalib olması barədə xəbər vermişdik. Azərbaycanlı rejissor bu yaxınlarda klassik əsəri “Dağ qadın və yaxud inadkarın ram edilməsi” adı altında Udmurtiya Rus Dram Teatrında səhnələşdirib. Onun layihəsi Udmurtiya Mədəniyyət Nazirliyi tərəfindən müsbət qarşılanıb.
Səfər təəssüratlarını bizimlə bölüşən İradə Gözəlova bu işin onun rejissor yaradıcılığında xüsusi əhəmiyyət daşıdığını deyir: “Aprelin 4-də “Şıltaq qızın yumşalması” əsərini tam şəkildə səhnələşdirmək üçün Udmurtiya Rus Dram Teatrından dəvət aldım. Rusiya Mədəniyyət Nazirliyinin qrantı əsasında bu tamaşanı qurmalı idim. Biz tamaşanın adını dəyişib “Dağ qadın və yaxud inadkarın ram edilməsi” kimi təqdim etdik. Tamaşanın quruluşçu rəssamını Sankt-Peterburqdan, işıq rəssamını isə Kazandan dəvət etdilər və teatrın aktyorları ilə birgə komanda yaratdıq”.
Tamaşanın çətinliklə başa gəldiyini deyən həmsöhbətim əsəri təhvil verməmişdən əvvəl onu öz iç dünyasında gördüyü kimi ssenariləşdirərək teatrın rəhbərinə təqdim edib: “Direktor tamaşanı çox gözəl qarşıladı, xırda detala qədər hər şeylə maraqlandı. Tamaşanın Rusiya Mədəniyyət Nazirliyinin keçirdiyi “Gənc rejissorlara dəstək” müsabiqəsinə qatılması üçün bizə növbəti qrant ayrıldı. Çünki tamaşa nümayiş olunmamışdan əvvəl biz onlara eskizləri, ideyanı göndərmişdik. Səhnə əsərini hazırlayarkən hər kəs təlaş içində idi. Qarşımızda çox mürəkkəb məqsədlər dayanırdı. Tamaşada çox mürəkkəb dekorasiya - üçlaylı karusel-manej var idi. Premyera günü Udmurtiyanın telekanallarında tamaşamız haqqında reportaj hazırlandı. Tamaşaçılar səhnədə baş verənləri heyranlıqla izləyirdilər. Onlarda belə bir adət var ki, tamaşa bitdikdən sonra tamaşaçılardan təəssürat öyrənirlər. Bütün tamaşaçılar səhnə əsərini çox bəyəndiyini, möhtəşəm tərtibatın və qəribə personajların olduğunu deyirdilər”.
Rejissor tamaşada Şekspirin sonetlərindən və öz mətnlərindən istifadə edib. Tamaşanı izləyən Udmurtiyanın mədəniyyət naziri Vladimir Solovyov onu təbrik edərək çətin bir işin öhdəsindən mükəmməl şəkildə gəldiyini bildirib, uğurlar arzulayıb. Həmçinin nazir ona Rus Dram Teatrı ilə daima əlaqə saxlamağı, başqa milli teatrlarda, hətta opera teatrlarında tamaşa hazırlamağı təklif edib.
İradə Gözəlova aldığı təkliflərlə bağlı da fikirlərini bölüşdü: “İjevskdə teatrın direktoruna təklif etdim ki, onlarla qarşılıqlı qastrol səfərləri təşkil edək. İstəyirəm ki, Azərbaycan Dövlət Musiqili Teatrında hazırladığımız tamaşalar orada, onların tamaşaları isə bizdə təqdim olunsun. Məqsədim odur ki, xarici teatrlarla əlaqələr quraq, çevrəmizi daha da genişləndirək”.
Azərbaycanın müxtəlif teatrlarında uğurlu quruluşlara imza atan rejissor qarşıdakı planlarından da söz açdı: “Ən böyük arzum dünyanın böyük şəhərlərində, xüsusən də Moskvada tamaşa hazırlamaqdır. İndi sərbəst yaradıcı rejissor kimi çalışıram. Kim dəvət edirsə, ora da gedirəm. Azərbaycanın müxtəlif bölgə teatrlarında tamaşalar hazırlamışam. İndi isə Dövlət Musiqili Teatrına Nikolay Qoqolun “Müfəttiş” əsərini səhnələşdirməyi təklif edəcəyəm. Ümumiyyətlə, Musiqili Teatrla işləmək mənə rahatdır”.
Söhbət əsnasında teatra tamaşaçı cəlbi məsələsinə də toxunan rejissor bunun müvafiq yollarının axtarılıb tapılması üçün paralellər apardı: “Udmurtiyadakı teatrda hər nəsildən aktyor görmək mümkündür. Onlar mənə çox inanırdılar. Verdiyim hər bir tapşırığa layiqincə əməl etməyə çalışırdılar. Digər tərəfdən, bizim teatrlarımızın işıq sistemi, quruluşu, görünüşü xarici ölkələrdəkindən heç də geri qalmır, hətta onlardan da yaxşıdır. Burada hər şey etmək olar, sadəcə istək və inam olmalıdır. Tamaşaçıları teatra gətirmək üçün müxtəlif yollar haqqında düşünmək lazımdır. Teatr aynadır, ona baxıb özünü görürsən. Maraqlanmaq lazımdır ki, görəsən, tamaşaçı nə istəyir? Təkcə özümüzü düşünərək deməyək ki, mən nə istəyirəm, görək tamaşaçı nə istəyir? Tamaşaçının istəyi və zövqü nəzərə alınmalıdır”.
Həmidə Nizamiqızı