Azərbaycan Dövlət Musiqili Teatrının saytı (www.statemusicaltheatre.az) yeni mövsümdən etibarən daha maraqlı və zəngin tərtibatda teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bildirib ki, əsas yeniliklər saytın vizual və texniki sahəsini əhatə edəcək. Sayt bütün mobil qurğulara adaptasiya olunacaq, sayt üzrə axtarış sistemi asanlaşacaq. Repertuar bölümü sadəcə həftəlik elanla məhdudlaşdırılmayacaq, həmçinin gündəlik elektron anonslar da tamaşaçıların diqqətinə çatdırılacaq. Xatırladaq ki, iki ay öncə Musiqili Teatrda ilk dəfə olaraq seyrçiləri cəlb etmək məqsədilə toplu sms xidməti aktivləşdirilmişdi.
Dövlət Musiqili Teatrının internet saytının təqdimat mərasiminin 105-ci mövsümün əvvəlində keçirilməsi planlaşdırılır.

 Həmidə Nizamiqızı