Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz məşhur italyan komedioqrafı, rejissor və aktyoru Eduardo de Filipponun “Silindr” romantik komediyasına quruluş verəcək.
Tamaşada əsas rolları Kazım Abdullayev, Şəhla Əliqızı, Münəvvər Əliyeva, Ləman İmanova, Füzuli Hüseynov və başqaları ifa edəcəklər. Rejissor həm də tamaşanın əsas rollarından birinə də səhnə həyatı verəcək.
Əsərin rus dilindən tərcüməsini də həyata keçirən R.Novruz bu ilin sentyabrında tamaşanı teatrsevərlərin ixtiyarına verəcək. Tamaşanın bədii rəhbəri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdur.
Qeyd edək ki, Ramiz Novruz istedadlı aktyor olmaqla yanaşı, həm də gözəl qələm sahibidir. Onun “At ilinin birinci ayı” və “Hələ sevirəm deməmişdilər” əsərləri teatrlarımızın səhnələrində tamaşaya qoyulub. Qarabağ müharibəsindən bəhs edən “Hələ sevirəm deməmişdilər” əsəri uzun müddət Akademik Milli Dram Teatrının səhnəsində uğurla nümayiş etdirilib. Xalq artisti həmçinin bir neçə yubiley tədbirinə quruluş verib, bir neçə tamaşada isə ikinci rejissor kimi özünü sınayıb.