Uşaq və yeniyetmələrin istirahətinin səmərəli təşkili, estetik tərbiyəsi, xüsusən də teatr və konsert müəssisələrinə getmə vərdişlərinin formalaşması daim düşündürücü olub. Uşaq vaxtı teatrın kandarından keçməyən, heç olmasa, ildə bir dəfə tamaşaçı sırasında oturub səhnə ilə canlı ünsiyyətdə olmayan bu günün uşağından gələcəkdə incəsənətə sevgi və diqqət də tələb edə bilmərik. Bu cəhətdən valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Bəs uşaq teatrları nə göstərməli və valideynlər tamaşalar arasında necə seçim etməlidirlər? Bu məsələ əyalətdə xüsusilə aktualdır. Çünki paytaxtın rəngarəng əyləncə dünyasından fərqli olaraq, bölgələrdə uşaqların mədəni-kütləvi istirahət imkanları məhduddur. Belə olduqda bölgələrdəki uşaq teatrları diqqət mərkəzinə gəlir. Bunu nəzərə alaraq həmin teatrların mövsüm mənzərəsini və yaradıcılıq planlarını öyrənib diqqətinizə çatdırmaq istədik.

Qax Kukla Teatrında “Qırmızı papaq”

Uğurlu çıxışları ilə təkcə fəaliyyət göstərdiyi bölgədə yox, ümumilikdə respublikada tanınan Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov bütün yaş kateqoriyalarından uşaqların marağını nəzərə almaqla yüksək səviyyəli tamaşalar hazırlamağa çalışdıqlarını deyir. Kollektiv mövsümü Aləmzar Əlizadənin “Toya gecikən tülkü” nağıl-tamaşası ilə bağlayıb. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Əmrah Məmmədovdur. Teatr rəhbəri qarşıdakı mövsüm planlarından da söz açdı: “Keçən mövsümdə qonşu rayonlara mütəmadi qastrol səfərlərimizi xüsusilə qeyd etmək istərdim. Çalışırıq ki, balaca sənətsevərlərimiz yerlərdə böyük anlamda teatrla, sənətlə təmasda olub, bu əsrarəngiz aləmdən bəhrələnsinlər. Kollektivimiz qarşıdakı mövsümdə də öz sənət missiyasını davam etdirəcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə fransız yazıçısı Şarl Perronun “Qırmızı papaq” nağılının motivləri əsasında yeni tamaşa hazırlanır. Səhnə əsərinə paytaxtdan dəvət olunmuş rejissor Elşad Rəhimzadə quruluş verir. Tamaşanı sentyabrda təhvil verəcəyik. Balaca tamaşaçılarımızın maraqla izləyəcəyi bir nümunə üçün əlimizdən gələni etmişik”.
Qastrolla bağlı danışıqlar aparıldığını deyən direktor oktyabrda Gürcüstan səfərini reallaşdırmaq istədiklərini dedi: “İki ildən bir Gürcüstana qastrola gedirik. Bu payızda da soydaşlarımız qarşısında çıxış etməyi düşünürük”.

Balaca gəncəlilər “Bir saat xəlifəliy”ə şahid olacaqlar

Gəncə Dövlət Kukla Teatrı da 28-ci mövsümünə iyunun 27-də “Ağ atlı oğlan” tamaşası ilə yekun vurub. Teatrın direktoru Bayram Fətəliyev yeni mövsümün tamaşalarından söz açdı: “Növbəti mövsümə sentyabrın 17-də start verəcəyik. Həmin gün dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa balaca izləyicilərin ixtiyarına veriləcək. Biz ənənəvi olaraq bu tamaşa ilə uşaqlarımızın görüşünə gəlirik və hər zaman da eyni həvəslə izləndiyinin şahidi oluruq. Eyni zamanda kollektiv yeni mövsümdə teatrın baş rejissoru Fərmail Paşayevin quruluşunda Abdulla Şaiqin “Bir saat xəlifəlik” tamaşasını da təqdim edəcək”.
Respublikanın kukla teatrları ilə yaradıcılıq əlaqələrinə önəm verdiklərini də deyən B.Fətəliyev repertuardakı “Ağ atlı oğlan” tamaşasına Qax Dövlət Kukla Teatrının baş rejissoru Yusif Abdurahmanovun quruluş verdiyini bildirdi və bu qəbildən yaradıcılıq mübadiləsinin davamlı olmasına çalışdıqlarını vurğuladı.

Salyan Kukla Teatrında “Yuxuyozan”

Dərnək kimi fəaliyyətinin 40, dövlət teatrı statusu almasının isə 20 illik yubileyinə hazırlaşan Salyan Dövlət Kukla Teatrından da xəbərimiz var. Sənət ocağının direktoru Yavər Cəbrayılov yubileyi yeni mövsümdə təntənə ilə qeyd edəcəklərini bildirdi. Onun sözlərinə görə, teatr cənub, Şirvan və Aran bölgəsində qastrol səfərlərinə xüsusi önəm verir. Mövsümü Əjdər Ağayevin “Bala pişiyin sərgüzəştləri” tamaşası ilə bağlayan teatr sentyabrın 17-də Əzizə Cəfərzadənin “Yuxuyozan” tamaşası ilə yenidən balacaların görüşünə gələcək. Kollektiv repertuardakı “Bəyin oğurlanması”, “Tənbəl Əhməd”, “Qır atın nağılı” tamaşaları ilə yanaşı, xüsusi təqvim günləri ilə bağlı şənliklərin də rəngarəng keçməsinə çalışır. Direktor uşaqların istəklərini nəzərə alaraq Azərbaycan xalq nağılları əsasında hazırlanan tamaşalara üstünlük verdiklərini qeyd etdi.

Həmidə