Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 24-də yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış “Varlı qadın” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Tamaşada əsas rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Məmməd Məmmədov, Rasəf Mehdiyev və başqaları iştirak edirlər.
Teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədovun verdiyi məlumata görə, teatr 10-19 sentyabr tarixində reallaşacaq I Şəki Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Kollektiv burada Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını oynayacaq. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Xalıq Rəhimov, musiqi tərtibatçısı Orxan Kərimovdur. Tamaşada əsas obrazları teatrın aparıcı aktyorları əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlardan Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova ifa edəcəklər.
Kollektiv yeni mövsümdə iki yeni tamaşa da təqdim edəcək. Bunlardan biri Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə hazırlanan “Sən həmişə mənimləsən” (quruluşçu rəssam Əməkdar artist Loğman Kərimov), digəri isə Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşadır.
Həmidə Nizamiqızı