Festivalla bərabər Şəki Dövlət Dram Teatrında 142-ci milli teatr mövsümünün açılış mərasimi də keçiriləcək

Sentyabrın 10-da Şəkidə beynəlxalq teatr festivalı başlanır. Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi festival «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktik konfransların keçirilməsi nəzərdə tutulub.
Proqramın icrasını təmin etmək məqsədilə 2014-cü il 10-19 sentyabr tarixində I Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalla bərabər Şəki Dövlət Dram Teatrında 142-ci milli teatr mövsümünün açılış mərasimi də keçiriləcək.
Festival çərçivəsində görkəmli gülüş ustası, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin yubileyinin keçirilməsi və büstünün açılışı da nəzərdə tutulub. Tədbir Azərbaycan Respublikası Prezidentinin «Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında» 13 fevral 2014-cü il tarixli sərəncamının icrası ilə əlaqədar keçiriləcək.
Şəki Dram Teatrının foyesində Azərbaycan Dövlət Teatr Muzeyi milli peşəkar teatrın 142 illiyinə və Lütfəli Abdullayevin yaradıcılıq yoluna həsr edilmiş sərgiləri, Azərbaycan Dövlət Rəsm Qalereyası isə teatr rəssamlarının sərgisini nümayiş etdirəcək.
Festival çərçivəsində respublikanın 12 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı 12 tamaşa ilə çıxış edəcək.
Festivalda həmçinin Kalmıkiya Milli Dram Teatrının (Rusiya Federasiyası) və Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının kollektivləri iştirak edəcəklər. Tamaşalar Şəki Dövlət Dram Teatrında və şəhərdəki amfiteatrda (yay teatrı) nümayiş olunacaq.
Şəki Beynəlxalq Teatr Festivalının iki ildən bir keçirilməsi planlaşdırılır.