Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalına daha bir töhfəsini verdi. Festival iştirakçıları və sənətsevərlər Ü.Hacıbəylinin «Koroğlu» operasına tamaşa etdilər.

Dahi bəstəkarın sənət inciləri ilə, xüsusilə də onun şah əsəri sayılan «Koroğlu» operası ilə hər görüş Azərbaycan musiqisevərləri üçün əsl bayramdır. Bu ovqatı festivalın xarici qonaqları da paylaşdılar.
Möhtəşəm musiqi, mükəmməl ifa, dinamik quruluş, şux rəqslər illərdir ki, «Koroğlu» operasının bu quruluşunu teatrın repertuarındakı ən baxımlı tamaşalar cərgəsində saxlayır. «Koroğlu» operasını Azərbaycanın lirik tenor və soprano səsli solistləri üçün bir növ sənət imtahanı da hesab etmək olar. Əgər solist Koroğlu və Nigar partiyalarında tamaşaçı sevgisi qazandısa, deməli, sənətdə böyük uğur qazanacaq.
Opera səhnəmizin gənc ifaçıları Ramil Qasımovla İlahə Əfəndiyevanın sənət ulduzu da məhz bu tamaşa ilə parlayıb. Nigar rolu İlahə Əfəndiyevanın opera səhnəsində debütü olub. Bu dəfə də salon Ramil Qasımovla İlahə Əfəndiyevanı hər ariyanı bitirəndən sonra alqışladı.
Tamaşadakı digər partiyaları xalq artistləri Şahlar Quliyev (Həsən xan), Əli Əsgərov (İbrahim xan), əməkdar artistlər Nizami Bağırov (Əhsən paşa), Əkrəm Poladov (Alı), Gülyaz Məmmədova (Xanəndə) ifa edirdilər.
Bəlkə də «Koroğlu»nu xaricdə qastrol səfərləri zamanı oynamaq daha asandır, nəinki doğma teatrın səhnəsində. Çünki sayından nə qədər şikayətçi olsaq da, hər halda Azərbaycanda bu operanı canlı izləmiş artıq üçüncü tamaşaçı nəsli yetişib. Onlar isə bu əsərin təkcə uvertürasını deyil, bir çox musiqi parçalarını, baş qəhrəmanların partiyalarını əzbər bilirlər.
Xalq artisti Cavanşir Cəfərovun idarəsində çıxış edən orkestr mükəmməl ifası ilə göstərdi ki, Üzeyir musiqisini gözəl bilən ən yaxşı ifaçıların əksəriyyəti elə bu teatrın orkestrində çalışır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Onun səhnə yozumu daha çevik və yığcam olması ilə fərqlənir. Kütləvi səhnələrə daha çox dinamizm gətirilsə də, rejissor haqlı olaraq səhnə tərtibatında (quruluşçu rəssam böyük sənətkar Tahir Salahovdur) və rəqslərin quruluşunda yenilik etməyib. Çünki böyük rəssamın verdiyi tərtibat ilə mərhum baletmeyster, SSRİ Xalq artisti Qəmər Almaszadənin quruluş verdiyi rəqslər ən müasir, ən fərqli quruluşlarda belə maraqlı və bitkin görünür.
Quruluşla bağlı bir faktı da qeyd etmək yerinə düşər ki, dünyada yayğın olan «operada təkcə oxumurlar, həm də oynayırlar» qənaəti ildən-ilə bizim Akademik Opera və Balet Teatrında da öz təsdiqini tapır. Bunu xorun, ikinci dərəcəli rolların ifaçılarının çıxışında xüsusilə qabarıq hiss etmək olar. Səhnədə statik bir obraz yoxdur, solistlərin hər biri öz irili-xırdalı rolunun dramaturji çəkisini daşıyır və bunu göstərməyə nail olur.
Aktyorluq məharətindən söz düşmüşkən, iki vokalçının - İlahə Əfəndiyevanın və Fərid Əliyevin (Həmzə bəy) ifasını xüsusi qeyd etmək lazımdır. Hər iki cavan solist öz obrazının yaşantılarını, hiss və həyəcanlarını göstərmək üçün hətta mimik hərəkətlərdən də bacarıqla istifadə edirlər. Yaxşı olardı ki, kinorejissorlarımız və serial istehsalında məşğul olan prodakşnlarımız bu yaraşıqlı cavanların aktyorluq potensialından istifadə edəydilər.
Antraktda alman, ingilis dillərində danışan əcnəbi qonaqların öz tərcüməçilərinin vasitəsilə bizim musiqişünaslar və musiqisevərlərlə söhbətlərinin də şahidi olduq. Hiss olunurdu ki, onlar məhz tamaşa, Üzeyir Hacıbəylinin opera janrında yaradıcılığı ilə maraqlanırdılar.
«Koroğlu»nun daha bir tamaşası oynanıldı, bizim təəssüratlarımız yeniləndi, doğma əsər ilə növbəti ünsiyyət ruhumuzu təzələdi. Ümidvarıq ki, möhtəşəm opera səhnələrinə şöhrət gətirməyə layiq bu tamaşaya ilk dəfə baxan festival qonaqları bir daha Bakıya gəlmək, bu cənub şəhərində qonaq olarkən yenidən «Koroğlu»ya baxmaq istəyəcəklər.

G.Mirməmməd