Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Şəfəq Şahməmmədovanın başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin keçirdiyi Dünya Çin Dili Konfransında iştirak edib. Çin dili və mədəniyyətinin təbliği üzrə təhsil mərkəzləri şəbəkəsinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş konfransa Konfutsi institutlarının rəhbərləri, elm xadimləri və diplomatlar da daxil olmaqla 160-dək ölkədən iştirakçılar qatılıb.

ADU-nun Konfutsi İnstitutundan bildirilib ki, əsas mövzusu “Ünsiyyət, inteqrasiya, varislik və innovasiya” olan konfransın açılış mərasimində ÇXR sədrinin müavini Han Çjen və təhsil naziri Huay Tszinpen çıxış ediblər. ÇXR-in Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Tədbir çərçivəsində ADU-nun nümayəndə heyəti HSK 3.0 Çin dili bilik imtahanının yeni test proqramına, xaricdə Çin dilinin tədrisi standartlarına, süni intellektdən istifadə edərək tədrisdə innovativ tendensiyalara, xaricdə Çin dili müəllimlərinin hazırlanmasına, Konfutsi institutlarının inkişaf perspektivlərinə, HSK test mərkəzlərinin işinin təşkilinə həsr olunmuş panel iclasları və paralel konfrans forumlarında iştirak ediblər.

Konfransın tematik seminarında ADU-nun Konfutsi İnstitutunun direktorları Li Zihua və Rafiq Abbasov iştirak ediblər. R.Abbasov seminar iştirakçılarını ADU-nun Konfutsi İnstitutunun fəaliyyəti ilə tanış edib. Bildirib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə dəstək verilməsi qeyd edilib.

Seminar iştirakçılarına ADU-nun Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “Heydər Əliyev və Çin”, “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabları hədiyyə edilib.

ADU-nun nümayəndə heyəti Çin dilinin tədrisi və testində yüksək texnologiyaların tətbiqi və Çin dilinin tədrisi sahəsində innovativ təcrübələrə həsr olunmuş sərgi ilə də tanış olub.