Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Cənubi Koreyanın paytaxtı Seulda ölkəmizin turizm potensialının təbliği məqsədilə tədbir təşkil olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə 2025-ci ilin may ayından etibarən Seuldan Bakıya həftədə bir dəfə olmaqla cümə günləri Cənubi Koreya tur operatorları tərəfindən təşkil ediləcək birbaşa uçuşların anonsu verilib. 2025-ci ilin iyul ayının ortalarına kimi həyata keçirilməsi planlaşdırılan uçuşlar AZAL tərəfindən icra ediləcək.

Tədbirdə çıxış edən Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov birbaşa uçuşların iki ölkə arasında əlaqələrin inkişafına, qarşılıqlı tanıtıma və turist mübadiləsinə töhfə verəcəyini bildirib.

Şəbəkələşmə tədbirində Koreyanın turizm sənayesinin təmsilçiləri, media nümayəndələri ilə yanaşı, Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Azərbaycanın təbiəti, tarixi məkanları, maddi və mədəni irs nümunələri, Bakının müasir memarlıq nümunələri, UNESCO-nun irs siyahısına daxil edilmiş abidələr və müxtəlif turizm növləri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, cari ilin 10 ayı ərzində ölkəmizə gələn Cənubi Koreya vətəndaşlarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz artım müşahidə olunur.