Aprelin 12-də Londonda növbəti beynəlxalq kitab sərgisinə start verilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə Azərbaycan da təmsil olunur. Nümayəndə heyətinə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Aslan Cəfərov, şöbənin məsləhətçisi Xəyal Məmmədov, “Azərnəşr” dövlət nəşriyyatının direktoru Azər Mustafazadə daxildir.
Sərgidə iştirak zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm imkandır.
Milli ekspozisiyamız Qız qalasının təsviri olan 55 kvadratmetrlik sahədə qurulmuş stenddə təşkil edilib. Burada Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə çap olunmuş 350 adda 600-dən çox kitab sərgilənir. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, ədiblərinin, incəsənət xadimlərinin - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Elçin, Anar, Kamal Abdulla və digərlərinin ingilis dilində nəşr olunmuş kitabları ziyarətçilərə təqdim edilir.
Burada Qarabağa və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə də var. Stenddə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işləri əks etdirən materiallar da yer alıb.
Ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, mədəniyyəti, tarixi, tolerantlıq ənənələri, turizm imkanları, Azərbaycanın ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları, o cümlədən bu ilin iyununda Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışları haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə edilir.
Monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilir.
Sərginin ilk günündə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin stendi ilə tanış olub.
1971-ci ildən başlayaraq hər il təşkil olunan London kitab sərgisində müxtəlif ölkələrdən 500-ə yaxın nəşriyyat iştirak edir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən London sərgisində yüksək səviyyədə təmsil olunur. Sərgi aprelin 14-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar