Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmık Milli Dram Teatrında tamaşa hazırlayır. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, rejissor yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” pyesi əsasında eyniadlı tamaşa üzərində yaradıcılıq işi aparır.
Tamaşanın quruluşçu rəssamı Saqlar Çulkayevdir. Rolları Kalmık Milli Dram Teatrının aktyorları Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları ifa edəcəklər.
Teatrdan onu da bildiriblər ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün may ayında Bakıya gələcək.